“Ağlıma da gəlməzdi ki, adi bir qoxu 27 illik həsrəti özündə daşıya bilər” - MÜSAHİBƏ

“Ağlıma da gəlməzdi ki, adi bir qoxu 27 illik həsrəti özündə daşıya bilər” - MÜSAHİBƏ

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikas, qərbdən Ermənistan ilə həmsərhəddir. 1993-cü il oktyabrın 29-da Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Azərbaycanın işğal edilən sonuncu rayonudur.

20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və 6 kəndi, 21 oktyabrda Mincivan qəsəbəsi və 13 kənd, 22 oktyabrda Ağbənd qəsəbəsi və 13 kənd Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olunmuşdur və beləliklə, Zəngilanın işğal olunduğu ayda da işğaldan azad olunması ilə 27 illik həsrətə son qoyuldu.

Zəngilan sakini İbrahimova Zərnigar öz sevinc hisslərini bizimlə bölüşdü:

- Zəngilan deyəndə həyatımın ən gənc, gümrah zamanları gözümün önünə gəlir. 1988-ci ildən Qarabağın qara günləri başlayanda həmin günlərin acısı hər tərəfə öz mənfi təsirini göstərmişdi. Hamı qəm-kədər içərisində yaşayırdı. Lakin 1993-cü ilə qədər atəş altında da olsa heç kəs yaşadığı yeri tərk etmək istəmirdi. Amma bir gün xəbər yayıldı ki, ermənilər Qaradizdə yolu kəsib, mühasirəyə düşmüşük. Hər kəs qan ağlayırdı. Əhali bombaların düşməyəcəyi yerlərə sığınırdı. Ancaq evimizi tərk etmək fikrimiz yox idi. Axırıncı günlər isə atəşlər lap dözülməz olmuşdu. Bizləri Xocalı faciəsi gözləyirdi. İran tərəfdən bizə yol açılmasaydı, Arazı keçməsəydik həmin faciəni yaşayacaqdıq. O gündən bəri illərdir ki, biz məcburi köçkün kimi yaşayırdıq. Doğulduğu torpağa, yaşadığı evinə, ən acısı da xatirələrinə həsrət...

Həmin gündən sonra nə qədər insan torpaq həsrəti çəkə-çəkə dünyasını dəyişdi. Şəxsən mənim atam vəsiyyətində də dedi ki: “Məni elə yerdə dəfn edin ki, el geri qayıdanda görüm”. Yəni atam torpaqlarımızın geri qayıdacağına olan ümidini son nəfəsində də itirməmişdi və həmin gün nəhayət ki, gəldi. Cənab Prezidentin xalqa müraciətində “Zəngilan bizimdir” dediyində keçirdiyim hissləri, duyğuları sözlər ilə ifadə etmək çətindir. Yayılan videolarda Zəngilanın hansı günə qaldığını görürük. Ancaq sınmırıq. Zəngilanın meşələri o qədər gözəl idi ki... Bizim həyətdə olan kəklikotunun qoxusunu hələ də unuda bilmirəm. Ağlıma da gəlməzdi ki, bir qoxu 28 illik həsrəti özündə daşıya bilər.

Qayıdış gününü fərəhlə gözləyirik. Bizə bu sevinci, xoş duyğuları yaşadan, Vətən həsrətimizə son qoyan əsgərlərimizə Allahdan can sağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm!