ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib

ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib

​​

30 iyun tarixində ADA Universitetinin 465 tələbəsi və ADA Məktəbinin 36 şagirdi məzun olaraq, Universitetin elmi-pedaqoji kollektivi tərəfindən təbrik edildi. Yerli tələbələrlə yanaşı, Maldiv Respublikası, Meksika, Moldova, Nigeriya, Vyetnam, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan, Gürcüstan, Yəmən və İran İslam Respublikası da daxil olmaqla 11 ölkəni təmsil edən əcnəbi tələbələr də məzun olmuşdur.

24Media xəbər verir ki, Universitetin kampusundan birbaşa yayımlanan tədbirdə dekanların, xarici müəllimlərin, tələbələrin və ADA əməkdaşlarının da təbrik videoları yayımlanmış, Universitetin tələbə həyatını əks etdirən videogörüntülər nümayiş etdirilmişdir. Yayım zamanı, tələbələr Universitetin Feysbuk səhifəsində keçirilən və ADA-da ən xoş xatirələri ilə bağlı olan foto-kampaniyada iştirak etmişdirlər. Bir neçə tələbə ilə canlı telefon bağlantısı yaradılmışdır.

Rektor Hafiz Paşayev 2020-ci il məzunlarını təbrik edərək, onları gələcəkdə də Universitetin fəaliyyətində yaxından iştirak etməyə səsləmişdir. Universitetin kampusunda tələbələrlə mütəmadi görüşlərini məmnunluqla xatırlayan Rektor, pandemiya dövründə təhsillərini uğurla davam etdirən məzunlara, habelə təlim-tədrisin davamlılığını təmin edən və fədakarlıq göstərən professor-müəllim heyətinə minnətdarlığını bildirmişdir. Ev şəraitində təhsil alan tələbələrə dəstəyini əsirgəməyən valideynlərə də xüsusi təşəkkür edən H. Paşayev, övladlarının məzun olması münasibətilə onları təbrik etmişdir.
"Bilik və bacarıq qazanmaq mümkündür, lakin öz prinsipləri əsasında həyatını davam etdirməyən şəxslərin gələcəkdə uğur qazanması mümkünsüzdür", - deyən H. Paşayev, məzunlara təhsil müddəti ərzində aşılanan prinsiplərə sadiq qalmalarını, harada və hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onları vətənpərvər və müstəqil Azərbaycanın gələcəyinin təminatçıları sırasında görmək istədiyini bildirmişdir.

Tədris işləri üzrə prorektor Dr. Vəfa Kazdal ADA Universitetinin hər zaman məzunları ilə qürur duyduğunu vurğulamışdır. ADA Məktəbinin məzunlarını da təbrik edən Dr. Kazdal, bu ilin onlar üçün xüsusilə çətin keçdiyini, yeni təhsil mühitinə, onlayn təhsilə keçid etmələrinə baxmayaraq, öz missiyalarını uğurla tamamladıqlarını qeyd etmişdir.

ADA Universitetinin tələbələri Günay Bədəlova və Ceyran Cəfərova müsiqi ifaları ilə çıxış etmişdirlər.

Qeyd edək ki, ADA Universiteti tədris ili ərzində Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton, Fransanın CEFAM Universitetləri ilə ikili diplom proqramlarına dair tərəfdaşlıq razılaşmaları imzalamışdır. Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktorantura proqramı, İtaliyanın Luiss Universiteti ilə tələbə mübadilə proqramı təsis edilmişdir. Bununla yanaşı, ADA Universiteti, müasir təhsilin tələblərinə cavab vermək məqsədilə, Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramını təqdim etmişdir.