Bu gün:

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-onkoloqundan şikayət var


24media.az saytına Mərkəzi Neftçilər Xəstəxanasının həkim-onkoloqundan şikayət daxil olub. Tükəzban Muxtarova Ç. qızı tərəfindən daxil olan şikayətdə bildirilir ki, həkim-onkoloq Əbdülhəsənova Gülnar T. qızı vəzifəsini icra etməkdən imtina edib, xəstəyə qarşı kobud rəftar edib.

“Sentyabrın 18-də G.Əbdülhəsənova adlı həkimin qəbulunda oldum, o, mənə qarşı mənəvi təzyiq etdi. O, mənə müayinə üçün göndəriş yazmaq istəmədiyini əsəbi şəkildə bildirdi. Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə yaradılan və vətəndaşlara verilən hüquqdan istifadə etmək istədiyimi deməyimə baxmayaraq mənə qarşı kobudluq etdi. Həkim mənə dedi ki, kef mənimdir istəsəm yazaram, istəməsəm yazmaram”.

T.Muxtarova Gülnar Əbdülhəsənovanın ona heç bir əsası olmayan böhtan ataraq polisə şikayət etdiyini də vurğulayıb: “Mən öz dərdimin, xəstəliyimin müalicəsinə əlac axtarıram, mənim həkimlə nə qərəzim ola bilər? Onun mənə yazmadığı müayinə üçün göndərişi Nizami Tibb Xəstəxanasına müraciət edərək həkim-onkoloq Araz Əşrəfli Ş. oğlundan rahatlıqla aldım və ona təşəkkür etdim. Yəni, həkim işini icra edirsə xəstə niyə aqressiv olsun? Bu hansı məntiqdir, özünüz düşünün. Mən uzun müddətdir ki, bu xəstəliklə mübarizə aparıram, azyaşlı uşaq da başa düşər ki xərçəng xəstəliyindən əziyyət çəkən insanla belə rəftar etmək düzgün deyil. 20-dən artıq növbədə gözləyən xəstələrdən sonra qəbul edildikdə həkimin öz işini icra etməkdən kobudcasına imtina etməsindən sonra şok vəziyyətinə düşdüyüm üçün fikirlərimi səsimi bir qədər ucaldaraq deməyimdən şikayət edib. Halbuki dəfələrlə ona “qızım, xahiş edirəm”, “mənə dəstək ol” sözlərini yalvararaq deməyimə məhəl qoymadıqdan sonra məni səsimi ucaltmağa vadar etdi və mən rəhbərliklə görüşmək istədiyimi, dövlətimin, prezidentimin yaratdığı şəraitdən yararlanmaq üçün haqqımı müdafiə edəcəyimi deyəndə “Hara gedirsən, get, nə istəyirsən elə” deyərək nəzarətçilərdən məni xəstəxanadan çıxarmalarını tələb etdi. Çox təəssüf edirəm ki, belə ciddi xəstəliklə mübarizə aparan, yaşlı bir qadınla sanki cinayətkarla rəftar edirmiş kimi davrandı. TƏBİB-ə narazılığımı bildirmişəm, amma məni əsəbləşdirdiyi, yüksək təzyiqlə xəstəxanadan qovdurduğu üçün məhkəməyə müraciət edərək kameraların yoxlanılmasını, polisə haqqımda bildirdiyi layiq olmadığım böhtanı sübut etməsini tələb edəcəyəm. Dəfələrlə mülayim danışaraq onun yalnış hərəkətlərinə göz yumurdum. Belə həkimlərin hərəkətlərini ictimaiyyətə açıqlamasaq insanlarımız əziyyət çəkər. Mən hər zaman prezidentimə, dövlətimə arxalanmışam”.

Şikayətçinin sözlərinə görə həmin vaxt orada olan xəstələr də narazı olublar: “Onu da qeyd edim ki, adıçəkilən həkim-onkoloq xəstələri qəbul etmək əvəzinə telefonla məşğul olur, onları gözlədir, qəbul edərkən isə bu cür kobud davranışlar nümayiş etdirərək əsəblərimizlə oynayır. Xahiş edirəm, bu məsələni saytda işıqlandırmaqla bizə dövlətimiz tərəfdən yaradılan hüquqlardan istifadə etməyimizə maneə olan, bizi incidən, səhhətimizə zərər vuran G.Əbdülhəsənova barəsində tədbir görülsün”.

24media.az olaraq qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının İctimiyyətlə Əlqalər üzrə mütəxəssisi Həqiqət Həmzəyeva ilə əlaqə saxladıq. O, bildirdi ki,həmin xəstənin qeyri-adekvat hərəkəti və həkimin nüfuzuna xələl gətirməsilə bağlı şikayəti həkim özü müvafiq qurumlara edib: “Burada şahidlər də var, iş həm polis bölməsinə, həm də TƏBİB və İTS-ə aktlaşdırılaraq göndərilib. Xəstə eyni həkimə artıq ikinci dəfədir müraciət edir və hər iki halda aqressiya nümayiş etdirib”.

A.Pərvizqizi 

Paylaş
Şərh əlavə et