“Məhsullarımı sınaqdan keçirməmiş satışa çıxarmıram”

“Məhsullarımı sınaqdan keçirməmiş satışa çıxarmıram”

Qadınlar baxımlı olmağı sevirlər. Gözəl olmaq üçün keyfiyyətli məhsullardan istifadə etmək isə əsas şərtlərdən hesab edilir. Buna görə də, xanımlar əsasən təbii üsullarla hazırlanan məhsullara üstünlük verirlər. 24media.az-ın bu dəfəki müsahibi Azərbaycanda öz brendini yaratmağa nail olan Gülşən Cahidlidir. Qeyd edək ki, o, təbii yollarla hazırlanan “Hana Beauty” gözəllik məhsullarının təsisçisidir.

İlk olaraq, təhsilinizi hansı sahə üzrə başa vurmusunuz?

- Ali təhsilimi 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (Yaponiya üzrə) fakültəsində almışam.

Necə oldu ki, öz məhsulunuzu yaratmağı qərara aldınız?

- Əvvəllər də özümə məxsus bir brend yaratmaq haqqında çox tez-tez düşünürdüm. Fərqli biznes planları hazırlayırdım, ancaq makyaja marağım daha çox idi. 3-cü kursda artıq öz brendimi yaratmağı qərara aldım. Beləliklə, makyajın sirrlərini dərindən öyrənməyə başladım. Öz brendimdən daha bahalı məhsullardan istifadə edirdim, ancaq məni qane etmirdi. Çünki, yalnız bir işi yerinə yetirirdilər. Bizim evdə gül suyu hər zaman çox olurdu, anam hazırlayırdı. Elə mən də, bu qərara gəldim ki, gül suyundan nə isə bir şey hazırlayım. Anam həmişə deyirdi ki, üzünü gül suyu ilə sil. Mən də 3 ay bunu test etdim, tərkibinə digər vitaminlərdən də əlavələr etdim. Ümumiyyətlə hər məhsulu satışa çıxarmazdan öncə öz üzərimdə test edirdim. Nəhayət, 25 sentyabr 2017-ci ildə təbii gül suyundan hazırladığım makyaj sabitləyici spreyimi satışa çıxardım.

Yaratmış olduğunuz məhsulları digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Hazırladığım məhsulları digərlərindən fərqləndirən əsas cəhət tərkibinin parabensiz olmasıdır. Bundan əlavə məhsullar sırf təbii yolla hazırlanır.

Məhsullarınızın hazırlanma prossesində nə kimi çətinliklərlə üzləşmisiniz?

-Əslində hazırlıq prossesində hər gün yeni bir şey öyrənirdim deyə mənə o qədər də çətin olmurdu. Lakin, mənim narahatlığım məhsulun saxlanılma qaydasına xanımların riayət etməsi barədə idi. Məhsul təbii yolla hazırlandığı üçün xüsusi olaraq soyuducuda saxlanılmalıdır. Qorxurdum ki, birdən xanımlar buna əməl etməz və narazı qalarlar. Çətinliyim ilk satışımda olmuşdu ki, dərsdən çıxaraq məhsulları müştərilərə özüm çatdırmışdım. Çox həyəcanlı idim, ancaq evə gəldikdə xanımların xoş sözlərini görəndən sonra sevincdən gözlərim dolmuşdu.

Onlayn satış edərək kifayət qədər alıcılarınızın rəğbətini qazanmağı bacarmısınız, bunun səbəbi nədir?

-Bunun səbəbi odur ki, işimin təməlini öncədən qurmuşdum. Hər xanımı özəl görüb, özəl hiss etdirməyə çalışırdım. İşə ilk başlayanda əlimdə xüsusi “Hana Beauty” etiketlərim yox idi. O zaman hələ satış səhifəmin adı da “Hana Beauty” deyildi, “Makeup Sprai” adı altında səhifədə satışlar edirdim. Kağızlardan rəngbərəng ürəklər hazırlayaraq həmin ürəklərin üstünə sifariş verən xanımların adlarını yazırdım. Ən əsası isə çalışırdım ki, xanımlarla səmimi olum. Ümumiyyətlə, hər zaman çalışmışam ki, xanımların yazdığı mesajlara da xüsusi incəliklə, nəzakətlə cavab verim. Çünki, qadınlar dəyərə layiqdirlər, özəldirlər.

Makyaj sabitləyici sprey, “Shimmer” , “Body Spray” kimi məhsullarınız istifadəçiləriniz tərəfindən sevilib, bəs, sizin üçün bunlardan ən uğurlu hesab etdiyiniz hansıdır?

-Mənim üçün ən uğurlu məhsulum ilk satışa çıxardığım makyaj sabitləyici sprey olub. Bunun əsas səbəbi isə spreyin eyni anda bir neçə işi yerinə yetirməsidir.

Son məhsulunuz olan təbii tərkibli tonikdən əldə olunan gəlirdən xeyriyyə məqsədi ilə istifadə edilirdi. Bundan başqa xeyriyyə məqsədli satışlar həyata keçirməyi planlaşdırırsınız?

-Bəli, son məhsulumuz xeyriyyə məqsədi ilə satışa çıxarılıb. Bir gün mənə rəfiqəsini oktyabr ayında xərçəng xəstəliyindən itirmiş Fəridədən mesaj gəldi. O bildirdi ki, rəfiqəsinin ruhuna hörmət əlaməti olaraq oktyabr ayında gəlirindən xeyriyyə məqsədi üçün istifadə olunacaq bir satış həyata keçirməyimi istəyir. Təbii ki, mən də bunu qəbul etdim. Məhsulun hazırlandığı qabları isə mənə xüsusi olaraq Dubaydan yolladılar. Qabların üzərindəki və kartlardakı rəsmləri Samira xanım (@samira.bodyart) çəkmişdi. O, satışın həyata keçirilməsində mənə çox dəstək oldu.

Bu işdə sizə ən çox dəstək olan, hər uğurunuzda yanınızda olan insan kimdir?

-Bu işdə ən böyük dəstəkçim anam olub. Mən çox kövrək insanam, əvvəllər mənim sosial şəbəkədə tanınmağımı istəməyənlər olanda çox pis olurdum, ancaq anam hər anımda yanımda olub. Qeyd edim ki, məhsullarımda istifadə etdiyim gül suyunu anam təbii qızılgül ləçəklərindən hazırlayır. Şanslıyam ki, belə bir anaya sahibəm.

Alıcılarınıza daha nə kimi yeni məhsullar təqdim etməyi planlaşdırırsınız?

-Bu məncə hələ ki, gizli qalsın. Çünki ağlımda çox yeniliklər, çox fikirlər var. Heç bir məhsulu sınaqdan keçirməmiş satışa çıxarmıram. Məhsullarım azdır, amma çalışıram ki, az olsa da, yaxşı olsun, bəyənilsin.

Təqdim etdiyiniz məhsullar hansı mükafatlara layiq görülüb?

-“7 Gözəl Fashion Show”da  hazırladığım məhsulların sərgisini keçirmişəm. Çalışıram ki, pulla alınan mükafatlardan uzaq olum, çünki hazırda alınan mükafatların 80%-i müəyyən məbləğin qarşılığında alınır.