“İnsanların buna ehtiyacı var imiş”

“İnsanların buna ehtiyacı var imiş”

     Bilsəm ki, sonunda lap ölüm də var,

       Dərdə də düşmərəm sonuma çıxsan.

 Hələ bir yalandan təsəllim də var,

         Mənim bu günümdə yaxşı ki, yoxsan...

Müsahibəmizə bu misralarla başlamağımız təsadüfi deyil. Çünki “Yaxşı ki, yoxsan” adlı bu şeir son günlər kifayət qədər məşhur olan, istər yazdığı, istərsə də səsləndirdiyi şeirlərlə dinləyicilərin qəlbinə yol tapmağı bacaran müsahibimiz Xəzər Süleymanlıya məxsusdur. Onunla yalnız şeir və ədəbiyyat haqda yox eyni zamanda şəxsi həyatı haqda da danışdıq.

24media.az olaraq Xəzər bəylə müsahibəmizi sizlərə təqdim edirik:

 Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

 Düşünürəm ki, mən onlara bədii qiraət ustası Xəzər Süleymanlı kimi maraqlı ola bilərəm.

 Uşaqlıqda hansı peşəyə sahib olmaq istəyirdiniz?

Uşaq vaxtı xəyalpərəst idim. Futbolçu da olmaq istəyirdim, aktyor da. Hətta bir ara musiqi ilə də maraqlanırdım. Yəni tam olaraq nə istədiyimi müəyyənləşdirməmişdim.

 Ən yadda qalan xatirəniz nə olub?

Bilirsiniz, uşaqlıqla bağlı hər şey xatirədir. Hətta o zamankı çətinlikləri də indi xoş xatirə kimi anırıq. Yəni hər anı gözümün qabağındadır və dəyərlidir.

 Sizcə uşaqlığınızı yetərincə yaşaya bilmisiniz mi?

Valideynlərim çox fədakar olublar. Hətta deyərdim ki, fədakarlıq onların etdiklərinin yanında adi sözdür. Məni çətinlik çəkməyə qoymayıblar. Maksimum çalışıblar ki, xoşbəxt uşaqlığımız olsun amma biz "90-ların uşaqları" istər-istəməz müharibənin hərtərəfli təsiri ilə böyümüşük. Yəni, hamımızın uşaqlığı bir-birinə bənzəyir. Buna baxmayaraq düşünürəm ki, xoşbəxt idik.

 Şairlik və bədii qiraətə marağınız necə yaranıb?

Şeir yazmaq və daha sonra o şeirləri səsləndirmək məndə bir növ vərdişə çevrildi. Bundan zövq almağa başladıqca istək, sevgi, daha sonra eşq oldu.

 Poeziya, daha doğrusu qiraətçiliyə ilk addımınızı öz şeirinizlə atdınız, bəs öz şeirinizi yazmaq üçün ilham mənbəyiniz nə olub?

Həmişə düşünürəm ki, ilham mənbəyi, ilham pərisi kimi ifadələr uydurmadır. İnsan ya yazmağı bacarır, ya da yox. Rəhmətlik Vaqif Səmədoğlu deyirdi ki, "Həyat şair üçün şeir yazmağa bəhanədir". Yəni gördüyümüz hər şey elə ilham mənbəyidir.

 Qorxularınız nələrdir və bu yola ilk addımınızı atanda qorxularınız nə olub?

Qorxum o idi ki, şeirin, musiqinin, ümumilikdə incəsənətin bu qədər bayağılaşdığı bir dövrdə insanlar mənim gördüyüm işlərə biganə yanaşarlar amma tam əksi ilə qarşılaşdım. Reaksiyalar məni sadəcə heyrətləndirdi. Sən demə, uzun zamandır insanların buna ehtiyacı var imiş. Onların hər birinə təşəkkür edirəm ki, məni dəyərləndirdilər, dəstək oldular.

 Öz şeiriniz olub-olmamasından asılı olmayaraq bütün şeirləri ürəkdən səsləndirir və dinləyicilərin qəlbinə toxunmağı bacarırsınız. Onları bu qədər təsirli edən nədir?

Mən gördüyüm işi sevirəm. Bayaq dediyim kimi,mən bu işə aşiqəm, bütün varlığımla bağlıyam. Mən şeir səsləndirəndə kənardan mənə baxsanız görərsiniz ki, özümdə olmuram, ayrı bir dünyada oluram.

 Hazırda olduğunuz yerdən məmnunsunuzmu?

Əlbəttə. Mən heç bu qədərini gözləmirdim. İndi həvəs yaranıb ki, ikiqat yaxşı yerlərə çatım. Yəni bu yerdən məmnun olsam da, kifayətlənməyi düşünmürəm. Daima irəli!

 Ən böyük peşmanlığınız nə olub?

Hər kəsi özüm kimi bilməyim...

Mühəndislik ixtisası üzrə təhsil almısınız, bəs bu peşəyə qarşı marağınız var mı?

Mühəndislik əsl kişi sənətidir. O işi də sevirəm. Bəlkə bir gün yenə o sahəyə qayıtdım. Həqiqətən möhtəşəm peşədir.

Hazırda gənclər arasında yetərincə məşhursunuz, bunu bilmək sizə necə hiss etdirir?

Mənə hərdən deyirlər ki, hər yerdə səsiniz var amma inanın hələ də fərqində deyiləm. Heç vaxt arzulamamışam. Bu məni sevindirir. Gördüyüm işin qarşılığında müsbət rəylər eşitmək çox xoşdur.

Səsləndirdiyiniz şeirlər daha çox sevgi ilə bağlıdır, bunun xüsusi bir izahı var mı?

Özüm də daxil olmaqla hər kəsin ən yaralı yeri sevgidir. Bu mövzuda yazılan şeirlər ruhuma daha yaxındır və daha yaxşı alınır.

 Bəs, sizə görə sevgi nədir?

Sevgi mənim üçün gizli agent kimi bir şeydir. Gəlir, insandakı bütün mənfi və müsbətləri aşkara çıxardır, mənfilərə görə cəzalandırır, müsbətlərə görə isə mükafatlandırır. Yəni insan yalnız sevdiyi zaman başa düşür ki, yaxşı adamdır, ya yox.

 Yaxın 5 ildə özünüzü harda görürsünüz?

Çox istərdim ki, 5 ildən sonra yenidən məndən müsahibə alasınız. Bu haqda artıq o zaman danışarıq.