Türkiyə səfiri: “İnsanın inkişafında təhsil mühüm rol oynayır”

Türkiyə səfiri: “İnsanın inkişafında təhsil mühüm rol oynayır”

“İnsanın inkişafı üçün zəruri olan ən önəmli şey ilk növbədə, yaxşı təhsildir”.

Bu sözləri Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral müsahibəsində qeyd edib. 24media.az səfirin tələbəlik illəri, diplomat fəaliyyəti, çətinliklərlə mübarizəsi və bu kimi suallara verdiyi cavabları təqdim edir:

- Tələbəlik illərinizi necə xatırlayırsınız? Hansı çətinlikləri yaşamısınız?

Təhsil aldığım illərdə çox ciddi problemlər yaşamamışam. Pis tələbə deyildim, qiymətlərim yaxşı idi, bütün kursları çətinlik çəkmədən keçib təhsilimi bitirdim. Ən çox riyaziyyat və sosial bilgilər dərsini sevirdim. Düşünürəm ki, tələbəlik illəri həyatın sonrakı dövrlərinə baxdıqda rahatdır. Ümumiyyətlə, aldığım təhsildən razıyam.

- Diplomat olmağı özünüz seçdiniz? Diplomatlığın üstün cəhətləri nədir?

Bitirdiyim universiteti, ixtisası və peşəmi özüm seçdim. Ankara Universitetində Beynəlxalq Münasibətlər oxudum, məzun olduqdan sonra Xarici İşlər Nazirliyinin təşkil etdiyi imtahanlara qatıldım və imtahandan keçərək iş həyatıma başladım. Diplomat olmaq dünyanın fərqli yerlərini görmək və yeni insanlarla tanış olmağa şərait yaradır, yeni mədəniyyətləri öyrənmək imkanınız olur. Həm də o ölkələrdə vətəninizi tanıdırsız. Lakin bir yerə, bir ölkəyə öyrəşdikdən sonra oradan ayrılmaq çətin olur. Çoxlu dostlar qazanır, ölkəni tərk etdikdə dostlarınızdan uzaq qalırsınız. Lakin xoşbəxtlikdən texnologiyanın inkişafı ilə bu uzaqlıq aradan qalxır.

- Texnologiyanın bu səviyyəyə çatdığı dövrdə gənclərə nə tövsiyə edərdiniz?

Gənclərə əsas tövsiyəm oxumaqla bağlıdır. Kitab oxumaq film izləmək və kompyuterdən məlumat əldə etməkdən çox fərqlidir. Mənə görə, bəşəriyyətin ən böyük kəşfi kitabdır.

- Çətinlik yaşadığınız zaman sizi nə motivasiya edir?

Həyatda hər kəs çətinliklərlə qarşılaşır. Amma çətinliyin öhdəsindən gəlməyi bacarmaq lazımdır, əks halda, insan mövcud ola bilməz. Ətrafımda problemlərini dəf edən insanları gördükdə “mən niyə bacarmayım?!” deyirəm və çox çalışıram.

- Sizcə, bir insanın şəxsi inkişafı üçün nə lazımdır?

Mənim fikrimcə, ən önəmli faktor yaxşı təhsil və düşüncə qabiliyyətidir. Yəni, insan sahib olduğu bilgiləri analiz edib harada, nə cür istifadə edəcəyini bilməlidir.

- Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında nə düşünürdünüz?

Türkiyədə hər kəsin Azərbaycan haqqında az da olsa, məlumatı var. Bura gələndə eyni mədəniyyəti və dili bölüşdüyümüz qardaşlarımın yanına gəldiyimi bilirdim. Gəldiyim andan etibarən sanki özümü xarici ölkədə yox, Türkiyə daxilində hiss etmişəm.

- Bölgələrimiz haqqında nə deyə bilərsiniz?

Azərbaycanın hər bölgəsi özünəməxsus gözəlliyə sahibdir: Şimalda Xaçmaz, Quba, Qusar, cənubda Lənkəran, Astara, qərbdə Gəncə, Qazax, Tovuz və s. bölgələrin gözəlliyinə şahid olmuşam. Məncə, dünyanın ən gözəl rənglərini görə biləcəyiniz yer Qəbələ, ən yaxşı mövsüm meyvələrini tapacağınız yer Göyçaydır.

- Sizcə, türk tarixinin ən önəmli dönüş nöqtəsi hansıdır?

Türk tarixində bir çox dönüş nöqtələri var, buna İstanbulun fəthi, Qurtuluş müharibəsini misal göstərmək olar. Türklərin Anadoluya daxil olmasını da dönüş nöqtəsi saya bilərik. Lakin mənə görə, ən önəmlisi Ergenekondan çıxmaq idi. Bu hadisə gerçəkləşməsəydi, hazırda Yer üzündə türklər də yox idi. Bu, bütün türklərin ümumi dönüş nöqtəsidir.

- Yaxın keçmişdə DATÜB (Dünya Ahıska Türkləri Birliyi) və YTB-nin (Türkiyə Xaricində Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı) birgə əməkdaşlığı ilə 1944-cü il sürgün şahidlərinə aid layihə həyata keçirildi. Bu barədə nə deyə bilərsiniz?

Türkiyə olaraq, Ahıska türklərini dəstəkləyirik. Azərbaycanın bir çox bölgələrində onlarla görüşlərimiz olub. Sizi də DATÜB- lə bağlı işlərinizdən dolayı təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Düşünürəm ki, bu cür addımlar vacibdir.