“Hicablı olduğumuz üçün əksər yerlərdə ayrıseçkiliklə üz-üzə qalırıq...”

“Hicablı olduğumuz üçün əksər yerlərdə ayrıseçkiliklə üz-üzə qalırıq...”

Cəmiyyətimizdə baş verən dəyişikliklər və fərqliliklər hər zaman insanların diqqətini çəkib, müəyyən dərəcədə müdaxilələrə vadar edib. İstər insanın görünüşü, istərsə də davranışı çox zaman digər insanlar tərəfindən maraq dairəsində olub. Bunlardan biri də hicablı xanımlara qarşı olan münasibətdir.

“Hicablı olduğumuz üçün əksər yerlərdə ayrıseçkiliklə üz-üzə qalırıq...”

 Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin tələbəsi Türkan Bəşirli 24media.az-a verdiyi müsahibəsində bildirib ki, belə ayrıseçkilik halları ilə dəfələrlə üz-üzə qalıb. Nəinki Türkan xanım, həmçinin hicablı dostları da belə hallarla tez-tez rastlaşırlar.

Nə vaxtsa hər hansı bir maneə ilə rastlaşmısınızmı?

- Əlbəttə. Məsələn, adi küçəyə çıxdığımız zaman belə o dəqiqə insanlar dönüb bizə baxır, hər hansı bir yerə getdiyimiz zaman bizi digər insanlardan ayırırlar.

Sizin üçün nə kimi maneələr yaradılır?

- Əvvəla onu deyim ki, hər hansısa bir yerdə işləmək və ya könüllü olmaq üçün yaxınlaşdığımız zaman düşünmədən, sınamadan “yox” deyirlər. Əlbəttə, həmin müəssisənin özünə məxsus geyim forması ola bilər, bu zaman biz özümüz də qəbul edirik ki, bu yerin qaydaları bizə uyğun deyil. Amma heç bir əsassız, heç bir geyim qaydası olmayan yerlərdə də çox vaxt rədd edilirik.

Hicaba öz istəyinizlə keçmisiniz?

- Əlbəttə ki, öz istəyimlə. 10-cu sinifin sonları idi və mən artıq özümü tam hazır hiss edirdim. Bəli, ailəm dindardır, amma bu o demək deyil ki , onların məcbur etdiyi və ya başqa bir şey üçün bağlamışam. Hətta əvvəllər atam qarşı çıxmışdı ki, özünü tam olaraq hazır hiss edirsənsə qapan, yox əgər sırf biz dindarıq deyə edirsənsə etmə.

Çox təəssüf ki, sizin ailəniz kimi düşünməyib, öz övladlarını hicaba məcbur edənlər də var. Bu haqda nə deyə bilərdiniz?

- Hicab bağlamaq dediyim kimi insanın özündən asılı olmalıdır. Hə, əlbəttə, ola bilər ki, valideyn öz övladına bunu başa sala və ya hicabın xeyirlərindən danışaraq onu marifləndirə bilər, amma əsla onu məcbur edə bilməz. Buna görə də valideynlər anlamalıdır ki, onun öz övladı olduğu ilə yanaşı həmin insan bu cəmiyyətin bir fərdidir, azad fikirli bir şəxsdir. Bunu da qeyd edim ki, nəinki qapanmasına qarışan, hətta hicabını açmağa məcbur edən valideynlər də var.

“Əgər hicab bağladınsa, bir daha aça bilmərsən, günahdır” ifadəsi sizcə nə dərəcədə düzgündür?

- İslam dini ən mərhəmətli dindir və dinimizə  görə əgər müsəlman olaraq həqiqətən bu dini qəbul edirsənsə, o zaman hicab bağlanılmalıdır. Amma dində heç vaxt “sən hicabı aça bilməzsən”, - deyə bir qadağadan söz gedə bilməz.

Son olaraq demək istədikləriniz.

- Son olaraq onu demək istəyirəm ki, yaxşı olardı ki, cəmiyyətimizdə hicablı xanımlara olan antipatiyanı yox etmək üçün fərqli və maarifləndirici tədbirlər keçirilsin. Çünki, biz də bu cəmiyyətin bir üzvüyük, geyimimiz və ya görünüşümüz bizi bir-birimizdən ayırmamalıdır.