II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub

II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub
II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub
II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub
II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub

Azərbaycan animasiyasının 50 illiyinə həsr olunan II Animafilm Beynəlxalq Animasiya Festivalı baş tutub. 24media.az xəbər verir ki, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərinin nümayiş olunduğu beynəlxalq festivalın bu dəfəki mövzusu Çexiya animasiyası olub. Festival ərzində müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış, müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunub. Həmçinin, yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları keçirilib.

Festivalın təsisçisi Rəşid Ağamalıyev Animasiya filmlərinə olan marağının necə yarandığı, Azərbaycanda animasiya filmlərinin azlığının səbəbləri və festivalla bağlı suallarımızı cavablandırıb.

http://www.24media.az/uploads/images/image_750x_5db1403b02a78.jpg

 

Animasiya filmlərinə marağınız necə yarandı?

- Mənim animasiya çəkməyə başlamağımın maraqlı tarixçəsi var. Səhhətimlə bağlı 6 aya yaxın xəstəxanada qalmalı olmuşdum. Gün ərzində çox sıxılırdım. Başımı qatmaq üçün cizgi filmlərinə baxmağa başladım. Cizgi filmlərinə baxmaq gözəldir. Düşündüm ki, “mən tək bununla kifayətlənməyəcəm. Həm də özüm animasiya filmləri çəkəcəm”. Çexiyada təhsil alarkən bu sahə üzrə də işləməyə başladım.

“Azərbaycan animasiyası” kitabının müəllifisiniz. Bu kitabı yazmaq fikri necə yarandı?

- Azərbaycan cizgi filmləri ilə gec-gec rastlaşırdım. Milli cizgi filmlərimizi araşdırmağa başladım. Televiziyada yayımlanmayan onlarla film qarşıma çıxdı. Bu filmlərdən, eləcə də ölkəmizdə animasiyanın tarixindən bəhs edən kitab yazmaq qərarına gəldim. Kitabın yazılmasında yazıçı-şair Sevinc Əzimova, kinoşünas Aydın Kazımzadə, Aygün Aslanova, Aliyə Dadaşova yaxından iştirak ediblər. Baş məsləhətçimiz, Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundovun rəhbərliyi ilə kitab 2 il ərzində yazıldı. Ümumi 13 müəllifi var. “Azərbaycan animasiyası” kitabının məqsədi Azərbaycanda və xaricdə animasiya sənətini təbliğ etməkdir. Biz Azərbaycan animasiyasının tarixini gələcək nəsillər üçün qoruyub saxlamaq istəyirik.

Festivalın təsisçisi olaraq bu haqda nə deyə bilərsiniz?

- Festivalın əsas məqsədi Azərbaycanda animasiya sahəsinin inkişafına töhfələr verməkdir. Uşaqlar burada əylənir, peşəkarlar isə qısamüddətli olsa da məktəb təşkil edir və öz bildiklərini bu sahəyə marağı olan insanlarla bölüşürlər. 1-ci Animafilm festivalı 2018-ci ildə keçirilib. “Ənənə və inkişafa yeni baxış” şüarı altında təqdim olunan bu ilki festivala 50 müxtəlif ölkədən 268-dən çox müraciət edilsə də, onlardan yalnız 54-ü müsabiqədə iştirak edib. Bu ilki festivala maraq daha çox idi. Təəssüf ki, məkanımız balaca idi. Festivalın bağlanış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanladıq. Müraciətdə animasiyaya maliyyə dəstəyinin ayrılması və animasiya üzrə təhsil ocağının yaradılması xahiş olundu. ( https://www.thepetitionsite.com/create/edit-petition/119639010/ )

Azərbaycan dilində animasiyaların sayı niyə azdır?

- Müxtəlif səbəbləri var. İlk olaraq bu sahə üzrə ali təhsil verilmir. Çexiyada məhz animasiya təhsili verən 5-6 universitet var. Azərbaycanda isə ali məktəblərdə bu öyrədilmir. Vəsait ayrılmır. Hər il müəyyən qədər vəsait ayrılsa, onlarla keyfiyyətli animasiya filmi çəkmək olar. Milli animasiyaların sayı az olduğuna, çəkilən filmlər isə televiziyalarda göstərilmədiyinə görə uşaqlar xarici və türk animasiya filmlərinə maraq göstərirlər. 

Keyfiyyətli animasiya filmi neçəyə başa gəlir?

- Çətin sual oldu (gülür). Xərclər ilk növbədə texnikadan asılıdır. Texnikanın qiyməti artdıqca xərclər də artır. Ən bahalı texnika kukla texnikası sayılır. Animasiyaya xərclənən vəsait epizodların, obrazların sayından, hətta filmin hansı mövzuda olmasından da çox asılıdır. Qısametrajlı filmi 0 büdcə ilə ev şəraitində də çəkmək olar. Hazırda Çexiyada üzərində işlədiyimiz tammetrajlı cizgi filminin büdcəsi 3.5 milyon avrodur.

 Azərbaycan animasiya işlərindən hansını uğurlu saymaq olar?

- Ən məşhur milli cizgi film “Tıq-tıq xanım” hesab olunur. Uşaqdan böyüyə əksər insanlar ən az bir dəfə bu filmi izləyib. Çoxunun tanımadığı, amma uğurlu animasiya filmlərimiz də var. 1990-cı ildə Azanfilm studiyasının istehsalı olan “İthaf” filmini ən uğurlu işlərdən hesab etmək olar. 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalı filmə diplom vermişdir; Kiyevdə “KROK-91” Beynəlxalq Animasiya filmləri federasiyasının (ASİF) festivalı quruluşçu rejissor Şamil Nəcəfzadəni ən uğurlu debut etdiyi üçün mükafatlandırmışdır; Bakıda “Şərqdən Baxış” Beynəlxalq kinofestivalında ən yaxşı animasiya filmi üzrə mükafat almışdır. Firəngiz Qurbanovanın “Seans” adlı cizgi filmi də Beynəlxalq festivallarda mükafatlara layiq görülən uğurlu animasiya filmlərindən biridir.

Bu gün Azərbaycanda dünya standartlarına uyğun animasiya işlərinin durumu barədə nə deyə bilərsiz?

- Fərdi olaraq bu sahəni inkişaf etdirməyə çalışanlar çoxdur. Azərbaycan rejissoru, kino rəssamı, ssenaristi Firəngiz Qurbanova Rəssamlıq Akademiyasında animasiya quruluşçu rəssamı fənninin tədrisini başladıb. Azərbaycan Kinematoqrafiyaçılar İttifaqında Animasiya şöbəsi var. Firəngiz xanım ilə yanaşı xaricdən gələn peşəkarlar burada dərs deyir. Amma bu kifayət deyil. Təsəvvür edin ki, bu il festivala 300-ə yaxın film gəlib. Bunlardan yalnız biri Azərbaycana məxsusdur. Aydan Həsənovanın İtaliyada çəkdiyi “Pəncərə” filmidir. Mütləqdir ki, Azərbaycanda ali məktəblərdə bu sahəylə bağlı fakültə açılsın. Mütləqdir ki, vəsait ayrılsın. “Azanfilm” dövlət studiyamız ildə 1 dənə cizgi film istehsal edəndə sevinirik. Elə il olub, heç bir film istehsal olunmayıb. Bu isə faciəyə bərabərdir. Balaca uşaq seriala baxası deyil ki. Keyfiyyətli, uşaqlara və bütün insanlara maraqlı gələn və ən əsası azərbaycan dilli filmlərin çəkilməsi üçün dövlət hər bir şəraiti yaratmalıdır.

Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov da festivalın qonaqları arasında idi. O da 24media.az-la ölkəmizdəki animasiya filmlərinin hazırkı vəziyyəti barədə öz təəssüratlarını bölüşüb:

 

http://www.24media.az/uploads/images/image_750x_5db1422be207b.jpg

 

- Azərbaycan animasiyası qədim tarixə malikdir. İlk filmlər hələ 30-cu illərdə çəkilirdi. 1969-cu ildə “Cırtdan” filminin çəkilməsi ilə Animasiyada yeni mərhələ başladı. Həmin vaxtdan animasiya sahəsində müəyyən irəliləyişlər var. 60-cı illərdə 2 illik Animator rəssam kursları təşkil edilmişdi. Mən də həmin kursların məzunuyam. Ondan sonra da bir sıra kurslar təşkil edildi, amma qısa müddətli oldu. Universitetlərdə tədris olunmalıdır. Əvvəllər ildə bir film çəkilirdisə, 80-cı illərdə 5-6 film çəkildiyi vaxtlar olub. 90-cı illərdə durğunluq dövrü oldu. Vəsait axtarırdıq ki, film çəkək. 2002-ci ildə Mədəniyyət Nazirliyinin öhdəçiliyinə verildik. Nazirlik isə ildə yalnız 1 film üçün vəsait ayırır. Sayı artmalıdır. Televiziya kanallarında nümayiş etdirilməlidir. Həm uşaqların, həm böyüklərin marağına səbəb olan animasiya filmlərinə diqqət ayrılsa, bu sahə Azərbaycanı beynəlxalq müsabiqələrin qalibi də edər.

Qeyd edək ki, II Animafilm Bakı Beynəlxalq Festivalının qalibləri aşağıdakılardır:

1. Ən yaxşı qısametrajlı animasiya filmi – “Qız” filmi (Çex Respublikası)

2. Ən yaxşı uşaqlar üçün animasiya filmi – Papito (ABŞ)

3. Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi – Əsən (İran İslam Respublikası)

4. Tamaşaçı rəğbəti mükafatı – Firəngiz Qurbanovanın “Anam ağaca çıxıb” filmi (1986)