Bakı və Druskininkay şəhərləri arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı və Druskininkay şəhərləri arasında əməkdaşlıq protokolu imzalanıb

Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas arasında Səbail rayonunun Druskininkay şəhəri ilə qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb.

APA-ya istinadən bildiririk ki, tədbirdə Səbail rayonunun Druskininkay şəhəri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də Səbail rayonu haqqında qonaqlara ətraflı məlumat verib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır”.
Riçardas Malinauskas isə bildirib ki, Litva Respublikası ilə Azərbaycan Respublikası arasında birgə maraq kəsbedən müxtəlif sahələr üzrə qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq əlaqələrini nəzərə alaraq, iki dövlət arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin möhkənləndirilməsi ilə əlaqədar Litva Respublikasının Druskininkay şəhər bələdiyyəsi ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə protokolunun ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib: “Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını bu siyasətin icraçısı, layiqli siyasi varisi ölkə rəhbəri cənab İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları ilə həyata keçirilir”.

Tədbirdə Riçardas Malinauskasa xatirə hədiyyəsi təqdim edilib.