Yaşayarkən itirilən, itirdikdən sonra anılan dəyərlər

Yaşayarkən itirilən, itirdikdən sonra anılan dəyərlər

Bu yaxınlarda bir xəbər oxudum. Xəbərin başlığı belə idi "Məşhur "Ayrılıq" mahnısının sözlərininin müəllifi olan Rəcəb İbrahimi Korabazlı(Fərhad İbrahimi) dünyasını dəyişdi" özümdə belə bir sual yarandı: "Görəsən, mən bu xəbəri oxumasaydım, dillər əzbəri olan "Ayrılıq" mahnısının kimin qələminin mürəkkəbindən axdığını biləcəkdim? Bu ayrılıq dərdini kimin bu qədər incəliklə həssas qəlblərə toxundurduğundan xəbərdar olacaqdım?" Çox güman ki yox.

Düzdür, bu həmçinin mənim də bu günə qədər bu məsələ ilə maraqlanmamağımdan qaynaqlanır. Amma bu digər tərəfdən medianın laqeydliyindən də qaynaqlanır. Televizorda, sosial şəbəkələrdə demək olar ki, hər gün müxtəlif hadisələrdən danışılır, saysız-hesabsız mövzular müzakirə edilir. 

Nadir hallarda insanların mənəviyyatına xidmət edən insanlardan danışılır. Nadir hallarda dediyim də öldükdən sonradır. Nəyə görə biz ömrünü Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr etmiş insanlardan yalnız dünyalarını dəyişdikdən sonra xəbərdar olmalıyıq? 

 Düşünürəm ki, sağlığında bu cür insanları tanıtmaq, onlar haqqında kiçik bir məqalə yazmaq, hətta müsahibə almaq o qədər çətin olmaz. Məsələ burasındadır ki, biz bu cür dəyərləri yalniz itirdikdən sonra qiymətləndiririk.

Belə ki, Azərbaycan mediasında bu mövzulara lazımi diqqət ayrılmır. Sağlığında insanları qiymətləndirə, mənəvi dəyərlərimizi gənc nəsillərə aşılaya bilmirik.

Sonda yazımı Cabir Novruzun " Sağlığında qiymət verin insanlara" şeirindəki o məşhur misralar ilə tamamlamaq istəyirəm:

     Diri üçün iynə boyda hörməti mən,

     Ölü üçün min heykələ dəyişmərəm!...