Avstriyanın sağçı-radikalları seçkiöncəsi partiyaya yeni sədr seçiblər

Avstriyanın sağçı-radikalları seçkiöncəsi partiyaya yeni sədr seçiblər

Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) sentyabrın 29-da keçiriləcək parlament seçkiləri ərəfəsində partiyaya yeni rəhbər seçib.

24media.az xəbər verir ki, sentyabrın 14-də Qrats şəhərində keçirilən qurultayda Norbert Hofer 98,25 faiz səslə partiya sədri seçilib. Yeni sədrlə bərabər qurultay iştirakçıları onun altı müavinini də müəyyənləşdiriblər.

Qeyd edək ki, may ayında Avstriyada baş verən hökumət böhranı ilə əlaqədar vitse-kansler və FPÖ sədri Haynts-Kristian Ştraxe bütün siyasi vəzifələrindən istefa verdi. İstefadan sonra həmin partiya mənsubları - İnfrastruktur naziri Norbert Hofer və Daxili İşlər naziri Herbert Kikl həmsədrlər qismində partiya rəhbərliyini öz üzərlərinə götürdülər.

Hökumət böhranı ilə qarşıdakı növbədənkənar seçkilər arasındakı dövr ərzində H.Kikl daha çox radikal mövqeyi, N.Hofer isə moderat-yumşaq tərzi ilə diqqəti cəlb edib. N.Hofer seçki kampaniyasında yenidən Avstriya Xalq Partiyası ilə koalisiyalı hökumətin qurulmasına tərəfdar olduğunu bəyan edib, koalisiyalı hökumətin ikinci cəhddə böyük uğurlara imza atacağına əminlik ifadə edib.

Avstriya Xalq Partiyasının rəhbərliyində H.Kikl ilə gələcəkdə mümkün əməkdaşlığa mənfi münasibətin mövcudluğu isə FPÖ-də partiya sədrliyi məsələsini gündəmə gətirib. Nəticədə partiyanın qurultayına N.Hoferin təkbaşına sədrliyi məsələsi çıxarılıb.

N.Hofer sədr vəzifəsinə rəsmi şəkildə təsdiqləndikdən sonra seçki kampaniyasını H.Kikl ilə birgə aparacağını və yaxın gələcəkdə FPÖ-nün Avstriyada ən güclü siyasi qüvvəyə çevrilməsi üçün səy göstərəcəyini bildirib.