Məhəmmədrəsul Məcidov: “Döyüşdə digərlərinə mesaj göndərəcəyəm ki, yaşıma baxmayın”

Məhəmmədrəsul Məcidov: “Döyüşdə digərlərinə mesaj göndərəcəyəm ki, yaşıma baxmayın”

Həvəskarlar arasında üçqat dünya çempionu olan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov bu gün peşəkar rinqdə debüt edəcək.

24media.az-ın məlumatına görə, 32 yaşlı dəri əlcək ustası ABŞ boksçusu Ed Fonteynlə qarşılaşacaq.

Bu gecə Nyu-Yorkdakı məşhur “Medison Skver Qarden”dəki döyüş ərəfəsində boksçuların iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Ağır çəki dərəcəsində mübarizə aparan M.Məcidov rəqibindən yüngül olub. Təmsilçimizin çəkisi 227 funt (103 kq) gəlibsə, amerikalı ondan 13,5 funt ağır olub – 240,5 funt (108,9 kq).

M.Məcidov çıxışında debütə hazır olduğunu bildirib: “Ed Fonteynlə döyüşümü səbirsizliklə gözləyirəm. Çünki bu döyüş bütün böyük çempionların mübarizə apardığı Nyu-Yorkda baş tutacaq. Buna görə də məni döyüşə dəvət etdikləri üçün təşkilatçılara, isti qarşılama üçün Nyu-Yorka minnətdaram. Fonteynlə döyüşdə digərlərinə mesaj göndərəcəyəm ki, mənim doğum şəhadətnaməmə və yaşıma baxmayın. Mənim döyüş üslubum var. Bu üslubla azarkeşlərə gözəl döyüş bəxş edəcəyəm”.

Qeyd edək ki, “Medison Skver Qarden”dəki döyüş bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.