6 aprel - İlk Olimpiya Oyunları

6 aprel - İlk Olimpiya Oyunları

İdman insanların böyük əksəriyyətinin həyatında mühüm yer tutur. İnsanların bir qismi idman sektorunda fəal iştirak edərkən, digərləri isə idman növlərini izləməklə kifayətlənir.

İdman tarixçiləri idmanın başlanğıcını antik dövrlərə təsadüf etdiyini güman edirlər. İnsanların ov və döyüş fəaliyyətləri ilə birlikdə idmana başladıqları ehtimal olunur.

Döyüş alətlərindən yaxşı istifadə etmək üçün təlimlərə ehtiyac var idi. İstifadə olunan ilk silahlar nizə, yay, ox və qılınc olub.

Bir çox tarixçilər idmanın döyüş alətlərinin təliminin tətbiqi ilə başladığını etiraf edirlər. Bu fəaliyyətin oturaq həyata keçidlə başladığı iddia edilir. Tarixçilərə görə, ilk oturaq həyata keçid şumerlərdə baş verdiyi üçün döyüş alətlərindən istifadə təliminin də şumerlərdə başladığı, hətta idmanın şumerlər tərəfindən kəşf edildiyi düşünülür. 

İlk idman yarışları isə Qədim Yunanıstanda baş tutub. Eramızdan əvvəl 776-cı ildə keçirilən İlk Olimpiya Oyunları qeyd edilən ilk idman hadisəsi olub.

Bəs necə oldu ki, yunanlar idman yarışları keçirməyə başladılar?

Yunanlar uzun illər xəstəlik və müharibələrin tanrılar tərəfindən idarə edildiyinə inanıblar. Qədim dövrlərdə Yunanıstan yarımadasında daim müharibə şəraitində olan şəhər dövlətləri mövcud olub.

Rəvayətə görə, müharibələrdən bezmiş Elis kralı vəziyyətə son qoymaq üçün Delfi məbədindəki kahinə üz tutur. Delfi kahini krala barışıq elan edib və atletika yarışları keçirməyi tövsiyə edir.

İlk yarışlar tanrıların müqəddəs məkanı hesab olunan Olimp dağında keçirilib. 

1168 il davam edən Olimpiya oyunları romalılar Yunanıstanı işğal etdikdən sonra sonlandırılır və yarışlar qadağan olunur.

Ləğv edilən Olimpiya oyunları illər sonra Afina Bələdiyyə başçısı Zappas tərəfindən 1859-cu ildə yenidən keçirilməyə başlayıb.

Müasir Olimpiya Oyunlarını beynəlxalq yarışa çevirmək fikri fransız Baron Kubertinə məxsus olub. İlk Müasir Olimpiya Oyunları
1896-cı ildə Afinada, Baron Kubertinin rəhbərliyi altında kral Konstantin və bələdiyyə başçısı Demetrius Vikelasın töhfələri ilə baş tutub. Bu ilk Müasir Olimpiya Oyunlarına 14 ölkədən 245 kişi rəqib qatılıb.

Olimpiya Oyunlarının rəmzləri – Od və məşəl:

Olimpiya məşəlinin tarixi Prometeyin tanrı Zevsdən alovu oğurladığı qədim yunan əfsanəsinə təsadüf edir.

Olimpiya məşəli ideyası ilk dəfə 1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya Oyunlarında irəli sürülmüş və o zamandan bəri müasir olimpiadaların bir hissəsi olmuşdur.

Məşəlin Yunanıstandan başlayaraq oyunların keçiriləcəyi ölkəyə müxtəlif ölkələrdən keçərək gətirilməsi ideyası isə Berlində, 1936-cı il Yay Olimpiya Oyunları zamanı Karl Diem tərəfindən təqdim edilib.

Olimpiya üzükləri:

Olimpiya üzükləri 1912-ci ildə Baron de Kubertin tərəfindən dizayn edilib. Üzüklər ilk dəfə 1920-ci il Olimpiya oyunlarında istifadə edilib.

Bir-birinə bağlanan 5 üzük qitələri təmsil edir. Hər bir üzük fərqli bir rəngdədir.
Zəmində ağ rəng olmaqla cəmi 6 rəng istifadə edilmişdir. Dünya xalqlarının bayraqları bu rənglərdən ibarətdir. 

Mavi üzük Avropanı, sarı üzük Asiyanı, qara üzük Afrikanı, yaşıl üzük Avstraliyanı, qırmızı üzük isə Amerikanı təmsil edir.

Sülh göyərçinləri:

Göyərçinlər qədim dövrlərdən bəri sülhü simvolizə edir. Qədim olimpiadaların məqsədi müharibəni dayandırmaq olduğu üçün oyunlar başlamazdan əvvəl sülh göyərçinləri uçurdulurdu.

Müasir olimpiadalarda başlanğıc mərasimində də sülh göyərçinləri uçurdulur.

Olimpiya şüarı:

Olimpiya oyunlarının məqsədləri bu üç sözlə ümumiləşdirilmişdir:

Citius - daha sürətli,

Altius - daha yüksək

Fortius - daha güclü

Olimpiya andı:

Olimpiya oyunlarının açılış mərasimində iştirak edən bütün idmançılar olimpiya andı içirlər.

Bu andı dilinə gətirən idmançı öz ölkəsinin bütün idmançıları adından danışır. Bu and belədir:

"Qaydalara riayət edərək və həqiqi idman ustalığı ruhunda ölkəmizin şöhrəti və idmanın qələbəsi uğrunda Olimpiya oyunlarında dürüst mübarizə aparacağımıza söz veririk."

Bu and ilk dəfə 1920-ci il Antverpen Oyunlarında Olimpiya bayrağı kimi göstərilib. Belçikanın məşhur qılıncoynadan idmançısı Viktor Boin isə andı oxuyub.

Olimpiya oyunlarının keçirildiyi tarix və yerlər:

Beynəlxalq Olimpiya Komitəsi - BOK müasir olimpiya oyunlarının dörd ildən bir keçirilməsinə qərar verib. 1896-cı ildə Afinadakı ilk təşkilatdan sonra Olimpiya oyunları uzun müddət seçildikləri ölkələrdəki ticarət yarmarkaları təşkilatları ilə birlikdə keçirilib.

Olimpiya oyunları bu şəhərlərdə keçirilən beynəlxalq yarmarkalar çərçivəsində 1900-cü ildə Parisdə, 1904-cü ildə Sent-Luisdə və 1908-ci ildə Londonda keçirilib.

1906-cı ildə Afinada keçirilən olimpiya oyunları təşkilatın müddətini 2 ilə endirməyə cəhd edib. Həmin il keçirilən oyunlar tarixə "Orta Olimpiadalar" kimi düşüb.

1916-cı ildə keçirilməsi planlaşdırılan Olimpiya oyunları Birinci Dünya müharibəsi səbəbindən, 1940-44-cü illərdə isə II Dünya müharibəsi səbəbindən oyunlar baş tutmayıb. Soyuq müharibə illərinə təsadüf edən 1980-ci il Moskva Olimpiadası Qərb ölkələri tərəfindən boykot edilib. Dövrün sosialist ölkələri 1980-ci il boykotuna cavab vermək üçün 1984-cü ildə ABŞ-da keçirilən oyunlara qatılmayıblar.

2020-ci ildə Tokioda keçirilməsi planlaşdırılan oyunlar COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. 

Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edir.

Oyunlar antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçib, zəmanəmizə gəlib çatıb və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyaraq saxlayıb.

Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanıb.