“525-ci qəzet” həm də nəsillər arasında bir körpüdür - Rəşad Məcidlə müsahibə

“525-ci qəzet” həm də nəsillər arasında bir körpüdür - Rəşad Məcidlə müsahibə

Pandemiya dövrü həyatımızın bütün sahələrinə, o cümlədən kütləvi informasiya vasitələrinə də təsir etdi. 24Media olaraq , "525-ci qəzet"in baş redaktoru və təsisçisi, Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidlə qəzetin fəaliyyəti, müharibə və pandemiya dövrünün qəzetə təsirləri barədə danışdıq.

-"525-ci qəzet" yarandığı dövrdə qəzetin fəaliyyəti, üzləşdiyi çətinliklər, informasiya siyasəti haqqında nələr deyə bilərsiniz ? 

"525-ci qəzet"in ilk sayı 1992-ci ilin 17 noyabrında, Milli Dirçəliş günündə çap olunmuşdu. Həmin nüsxəni  meydanda  mitinqdə paylamışdıq və əksər insanların yadında bu yaxşı bir təbliğat kimi qalmışdı. Müstəqilliyin elan olunmasından bir il keçirdi. Bildiyimiz kimi, Sovet vaxtında yalnız dövlət qürumları qəzet təsis edə bilərdi. 1991-ci ildə KİV haqqında qanun qəbul edildikdən sonra müstəqil qəzetlər fəaliyyətə başladı. "525-ci qəzet"in adı da qeydiyyatdan keçən şəhadətnamə nömrəsi ilə adlandırıldı və bu vaxt adından da göründüyü kimi "525 KİV" qeydiyyatdan keçmişdi. "525-ci qəzet" artıq 28 ildir ki, özünün mövcudluğunu qorudu. Çətin dövrlər də oldu, təbii ki, 1998-ci ilin avqustuna qədər Azərbaycan mətbuatında dövlət sirrlərini mühafizə edən Baş İdarə, yəni senzura mövcud idi. O dövrlərdə qəzetin səhifələri ağ ləkələrlə çıxırdı, senzuranın çıxartdığı yerlər ağ buraxılırdı. Azərbaycan müstəqil mediasının formalaşması da həmin illərə düşürdü. "525-ci qəzet"in yarandığı dövrü, onun ilk addımlarını şərəflə xatırlayırıq.

-"525-ci qəzet" Azərbaycan mətbuatına yeni nə təqdim etdi ?

"525-ci qəzet"in ilk sayı nəşr olunanda mən gənclərə müraciət edib,"525 gənclərin qəzeti olacaq",- demişdim. 525-də hər cürə ideyalar, təkliflərə yer verilirdi. İlk fəaliyyətə başladığı dövrdən bir çox yeniliklərlə, rubrikalarla, sərbəst, azad müsahibələrlə diqqəti çəkdi. Xatırlayanlar bilir ki, "525-ci qəzet" o dövr üçün orjinal, yeni, kreativ bir mətbuat orqanı oldu.

-Sizcə "525-ci qəzet" yaranandan bəri Azərbaycan mətbuatı necə dəyişdi ? 

Əlbəttə ki, indiki gənclərə həmin dövrün ab-havasını çatdırmaq çətindir. Çünki 525 fəaliyyətə başlayanda hələ qəzetlər nəşriyyatda yığılırdı, o vaxt hələ kompüterə keçilməmişdi ,çap sexi var idi. Fiziki bir prosses kimi də qəzet işi çox ağır bir iş idi. Yaradıcılıq işindən əlavə bir fəhlə işi idi. Zaman keçdikcə artıq həm informasiya texnologiyaları inkişaf etməyə başladı, bir sıra yığım sexləri aradan çıxdı, həm də qəzet kompüterdə səhifələnməyə başladı."525-ci qəzet"in artıq 2000-ci illərdən özünün internet versiyası var idi, amma mən, şəxsən, qəzetlərin sıradan çıxacağı barədə fikirlər ilə razılaşmırdım. Hətta 98-ci ilin avqustunda hörmətli  professor Qulu Məhərrəmli, Azər Həsrət ilə birlikdə ABŞ-da olmuşduq. Orada məşhur "NewYork Times" qəzetində olarkən söhbətlər gedirdi ki, gələcəkdə qəzetlərin kağız variantını onlayn versiyalar aradan çıxardacaq. Amma mən heç vaxt buna inanmırdım, son 10-12 ildə sosial şəbəkələr çoxaldıqdan sonra mən də fikirləşirəm ki, zaman keçdikcə artıq kağız qəzet sıradan çıxacaq . Biz yeni formada yenə klassik media ənənələrini davam etdirəcəyik. Çox şeylər dəyişdi, yeniləndi. Amma əsas mahiyyət, məhz yaradıcılıq, araşdırma jurnalistikası, jurnalistikanın prinsipləri olduğu kimi qalır, baxmayaraq ki, yeni mediada bir çoxları buna əməl etmir.           

-Müharibə dövrü qəzetin fəaliyyəti və informasiya siyasətinə necə təsir etdi ? 

"525-ci qəzet" həmişə yeniliklərə açıq olması ilə bərabər mühafizəkarlığı da, ənənələrə sadiqliyi də qoruyub saxlayıb. Müharibə dövründə də  dövlətin siyasətini həyata keçirən bir media orqanı kimi fəaliyyətini müharibə şəraitinə uyğun qurdu. Əsasən, rəsmi xəbərlərdən, Müdafiə Nazirliyinin paylaşdığı məlumatlardan istifadə edirdik. "525-ci qəzet"də peşəkarlar çalışır, bu baxımdan, müharibə şəraitində fəaliyyətimizi qurmaq bizim üçün çətin olmadı.

-Rəşad Məcidin fikrincə informasiya müharibəsi necə aparılmalıdır ?

İnformasiya müharibəsi böyük məsələdir, təkcə mediaya aid deyil. İnformasiya müharibəsi bütün dövlət qürumları , bütün strukturlar və sonda bütün vətəndaşlar tərəfindən aparılmalıdır. Əvvəla, informasiyanın idarə edilməsi, yalan informasiyaların vaxtında müəyyən olunub qarşısının alınması xüsusi bir prossesdir. İndiki informasiya texnologiyalarının inkişafı bütün dövlət qurumlarından, həm mediadan, həm vətəndaşlardan həddindən artıq sayıqlıq, dinamiklik tələb edir. Vaxtında reaksiya verə bilmə bacarığı ən öndədir, şübhəsiz ki, savadlılıq , məlumatlılıq da öz yerində.

-Pandemiya "525-ci qəzet"də nə kimi dəyişikliklərə səbəb oldu ?

Təxminən 1 ildən artıqdır ki, 525-də pandemiya şəraitinə uyğun olaraq öz fəaliyyətində dəyişiklik edib. İşçilərin çoxu evdən işləyir, biz "whatsapp" qrupları açmışıq və əvvəlki klassik planlaşdırmanı, tapşırıqları, mövzular, qəzetin səhifələnməsi prossesini bu "whatsapp" qruplarında həyata keçiririk. Amma, eyni zamanda, dediyim kimi qəzet həm də çap prossesidir, buna görə də qəzetin texniki işçiləri, qəzetin korrektoru və bir sıra işçilər var ki, onlar məhz redaksiyadan fəaliyyət göstərməlidirlər. Düzdür, qəzet operativlikdə  yeni mediadan geri qalır, amma üstünlükləri də var ki , onun kağızda mövcud olmasını, bir arxiv kimi qalmasını buna misal göstərə bilərik.

-Qəzetin əməkdaşları arasında fikir ayrılıqları olurmu? Bu, informasiya siyasətinə necə təsir edir?

Yarandığı gündən "525-ci qəzet"də müxtəlif baxışları olan jurnalistlər bir yerdə fəaliyyət göstəriblər. Biz çalışmışıq ki, onların hadisələrə münasibətinə təsir etməyək. Ümumiyyətlə, 525 mümkün dərəcədə hadisələrə münasibətini özünün, kollektivinin rəyi əsasında qurmağa çalışıb. Fikir müxtəliflikləri olur. Bəzən biz bunu nəzərə alaraq bir hadisə ilə bağlı 2 və ya daha çox yanaşmaları ortaya da qoymuşuq. Müxtəlif baxış bucaqlarının qəzetdə əksini tapmasına, plüralist bir mövqe ortaya qoymağa çalışmışıq.

-"525-ci qəzet"in gənc jurnalistlərin yetişməsində nə kimi rolu olub ?

Əvvəldə qeyd etdiyim kimi, "525-ci qəzet"in  ilk sayında təsisçi kimi gənclərə müraciət edib demişdim: "525 gənclərin qəzeti olacaq". 28 il ərzində bu həmişə belə olub, 525-də gənclərin nəfəsi həmişə duyulub . Azərbaycan mediasında "525-ci qəzet"in yetişdirmələri hədsiz çoxdur. Onlar müxtəlif mətbuat orqanlarında, dövlət qurumlarında çalışırlar. İlk qələm təcrübələri 525-də formalaşmış jurnalistlər həmişə 525-in bir məktəb olduğunu qürurla qeyd edirlər. İndiki vaxtda da bizim qapımız həmişə istedadlı gənclərə açıqdır. "525-ci qəzet"in bir üstünüyü də budur ki, həm yaşlı nəslin nümayəndələri, bizim klassiklərimiz, yazarlarımız, həmçinin də yeni yazmağa başlayan gənc jurnalistlər "525-ci qəzet"də rahatlıqla çıxış edir. Bu mənada hesab edirəm ki, "525-ci qəzet" həm də nəsillər arasında bir körpüdür.