5 milyon manat subsidiya mənimsəyənlərin məhkəməsi başlayır

5 milyon manat subsidiya mənimsəyənlərin məhkəməsi başlayır

Kənd təsərrüfatına ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən cinayətkar dəstənin rəhbəri, Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

24Media xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Qurban Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib.

Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıbvə barələrində həbs qətimkan tədbiri seçilib.