Si Cinpin Donald Trampı KXDR-ə qarşı sanksiyaları yumşaltmağa çağırıb

Si Cinpin Donald Trampı KXDR-ə qarşı sanksiyaları yumşaltmağa çağırıb

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı KXDR-ə qarşı sanksiyaları vaxtında yumşaltmağa çağırıb.

24media AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

“Si Cinpin Osaka şəhərində keçirilən G20 sammiti zamanı Birləşmiş Ştatları çeviklik göstərməyə və Şimali Koreya tərəfinə yaxınlaşmağa, əsasən də sanksiyaları vaxtında yumşaltmağa çağırıb. Dialoq yolu ilə hər iki tərəfin tərəddüdünü aradan qaldıracaq həll yolu tapmaq vacibdir”, - deyə ÇXR xarici işlər naziri bildirib.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammiti nəticəsiz başa çatsa da, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.

ABŞ prezidenti Cənubi Koreyaya səfəri çərçivəsində ötən bazar günü iki Koreya dövləti arasında yerləşən demilitarizasiya zonasına gedib və Phanmuncom sərhəd məntəqəsində Kim Çen Inla görüşüb. Donald Tramp görüş zamanı demarkasiya xəttini bir neçə addım keçərək KXDR ərazisinə ayaq basan ilk ABŞ prezidenti olub.