“4 saat neytral ərazidə qaldım”- qazi ilə MÜSAHİBƏ

“4 saat neytral ərazidə qaldım”- qazi ilə MÜSAHİBƏ

24Media-nın bugünkü müsahibi Vətən müharibəsi qazisi, baş leytenant Ceyhun Əliyevdir. 

- Mən Əliyev Ceyhun Məşdi oğlu 1988-ci ildə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində anadan olmuşam. 1994-2005-ci illərdə Gündüz İsmayılov adına orta məktəbdə oxumuşam. 2005-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsində (qiyabi formada) ali təhsil almışam. 2006-cı ildə Naxçıvan Dövlət Sərhəd Xidmətində, hərbi xidmətdə olmuşam. Uşaqlıq arzum olduğu üçün öz ixtisasım üzrə çalışmağı yox, hərbini seçdim. Fərqli bölgələrdə, kəşfiyyat bölüklərində xidmət etmiş zabit, müxtəlif medallarla təltif olunub:

2017-ci ildən zabit kimi xidmətdəyəm, hazırda baş leytenantam. Müharibədən öncə də hər zaman cənab Prezidentin diqqət mərkəzində olmuşam, qüsursuz xidmətimə görə medallarla təltif olunmuşam – "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı, "Döyüşdə Fərqlənməyə görə döyüş medalı", "Kəlbəcərin azad olunmasına görə" medalı 10 il qüsursuz xidmətimə görə isə "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunmuşam. 

Qazi Ceyhun Əliyev torpaqlarımızın azad olunduğuna görə Ali Baş Komandanımıza öz minnətdarlığımı bildirib, bu qələbədə özünün də payının olduğuna görə çox sevindiyini deyib:

- Torpaqlarımızın işğaldan azad olunması uşaqlıq arzum olub. Bu bizim haqq savaşımız idi. Çox həvəslə döyüşürdük. Döyüşdə yaralandım, 4 saat neytral ərazidə qaldım, xeyli qan itirdim. Döyüş yoldaşlarımın sayəsində oradan sağ çıxdım. Qolumdan snayper yarası almışam, ürəyimdə güllə, bir ayağımda qəlpə qalıb, digər ayağımdan güllə yarası almışam. Mən həkimlərimizə xüsusi minnətdarlığımı bildirirəm. Onlar əllərindən gələni edirdilər. Bu gün yaşayırıqsa, onların köməyinin nəticəsidir. 

Müzəffər Ordumuz öz gücünü göstərdi. Cənab Prezidentimizə çox minnətdaram. Müharibədə iştirak etməkdən çox şadam, artıq harada oluruqsa, olaq başımız dikdir. Ali Baş Komandanın dediyi kimi, bir olub dəmir yumruğumuzu düşmənin başına endirdik. 

Baş leytenant həm də gələcək nəsillərə səsləndi:

- Valideynlərə söyləmək istərdim ki, öz övladlarını vətənpərvər ruhda böyütsünlər. Uşaqlara orta məktəbdə müharibəylə bağlı dərslər keçirilməlidir. Gələcək nəsil şəhidlərimizin, qazilərimizin qanı bahasına alınmış torpaqlarımızı qorumalıdır. O torpaqları biz qarış-qarış almışıq. Bu barədə uşaqlar psixoloji olaraq yetişdirilməlidirlər.