"3 qəpiklik insanlardan haqqımda neqativ rəylər toplayıb tirajlayırdılar" - Murad Ariflə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi müğənni, bəstəkar, şoumen Murad Arifdir.

Son ifa etdiyiniz "Get iş tap, işlə" mahnısı da hitə çevrildi. İfanın sözlərindən, klipindən, tərəf müqabilinizdən bəhs edə bilərsinizmi?
- Mahnının adını mən düşündüm və repçi dostlarımdan xahiş etdim ki, "Get iş tap, işlə" şüarını dəfələrlə təkrar edəcək mahnı yazsınlar. Demo-versiya əlimizdə olarkən anladım ki, bunu hökmən Xoseylə təqdim etməliyəm.

Verilişlərdə niyə az-az görünürsünüz?
- "Oppalara" mahnısı rekord qırandan bəri artıq 3 ildir ki, ölkə kanallarına çıxmıram. Televiziyanın verdiyi "raskrutkaya" ehtiyac duymuram. Yalnız "tetatet" müsahibələr verirəm. Birincisi, janrıma, xarakterimə uyğun olmayan qonaqlarla qaynayıb- qarışmağı sevmirəm. İkincisi də ki, sosial mediada daha aktivəm. Mənim tamaşaçım onsuz da, teleməkanı deyil, sosial medianı izləyir.

Müğənni, bəstəkar, teleaparıcı, prodüser... Özünüzü hansı sahədə daha uğurlu hesab edirsiniz?
- Musiqi prodüseri özündə bir çox sahəni birləşdirir. Musiqi prodüseri həm yaza, həm də oxuya bilər. Mən də dünya prodüserlərindən örnək götürdüm. Bütün dünyada belə insanlar var. Jurnalistika isə mənim təbiətimdir, xarakterimdir... İnsanlardan informasiya almağı, insanları danışdırmağı sevirəm.

Müsahibələrinizdən birində: "Televiziya sahəsində islahatlar aparmaq lazımdır" ,- fikrini bildirmisiniz. Televiziya rəhbəri olsaydınız, nə kimi islahatlar aparardınız?
- Televiziya rəhbəri olanda bu barədə danışarıq. Amma bugünkü tələblərlə kanal rəhbəri olmaq istəmərəm. Çünki heç bir kanal rəhbəri azad formada öz istədiyi kanalı yaratmır. Təsirlər çoxdur.

Təhsil, ya istedad?
- İstedad hər zaman öz sözünü deyir. "Bir ton" təhsilli insan tanıyıram ki, savadından yararlana bilmir. Çünki içində işıq yoxdur... Nəzəriyyəçidir. Yaradıcılığı çatışmır. Bax o yaradıcılıq istedaddır.

Azərbaycan şou-biznesi kənardan necə görünür?
- Bilmirəm. İçindəyəm, mərkəzindəyəm deyə kənardan baxmaq çətindir. Hər halda çox sistemsiz və qaydasızdır bizim şou-biznes... Mahnılar deyil, fərdlər at oynadır hələ də... Mən şou-biznes dedikdə mahnı və kinoların sağlam rəqabətini nəzərdə tuturam. Amma bizim media bu rəqabətdə maraqlı deyil. Baxırsan ki, uğursuz mahnını "ulduz" oxuyursa, hələ də bəh-bəhlə sırıyırlar. Bizim media xarici ölkədə uğurlu olacaq "ulduz" yetişdirmək iqtidarında deyil. Sənətçini mühit formalaşdırır. 10 il öncə mənim yazdığım mahnılar çılğınlığı ilə, sözləriylə yenilik idi. Amma mənim adımı süjetlərdən çıxarırdılar. Mahnılarda qüsur axtarırdılar. 3 qəpiklik insanlardan haqqımda neqativ rəylər toplayıb tirajlayırdılar. Halbuki o nəğmələrə Türkiyədən sifarişlər bitmirdi.
Müğənni mahnıma klip çəkəndə jurnalistlər təqdimatda şəxsi həyatı soruşurdu... Bu media sənətkara yaratmaq üçün stimul vermir. Şou-biznesi dəyişmək üçün ölkədəki maqazinçilik, radio və televiziyalarda dəyişiklik etməliyik.

Fəaliyyətinizə Azərbaycandan kənarda davam etməyi düşünürsünüzmü?
- Yox. Mahnılarımı türk ulduzları ödənişini edərək alıb, oxuyub, kliplər çəkib. Amma heç vaxt köçüb orada yaratmaq fikri ağlıma gəlməyib.

Müsahibələrinizdə tez-tez Tərəzi bürcü olduğunuzu vurğulamısınız... Bürclərə çoxmu inanırsınız?
- İnanıram ki, insanın doğuluşu fəza cisimlərinin quruluşuyla energetik anlamda əlaqədardır. Doğulduğun il, ay, gün sənin xarakterinə və həyatına hökmən təsir edir.

Kitab oxumağı sevirsinizmi? Hansı kitabları məsləhət görərdiniz?
- Deməzdim ki, buna çox vaxtım olur... Oxuduqlarımdan, M.A.Bulqakov, F.Dostoyevski, R.Bredberi, E.M.Remark-ın kitablarını sevirəm.

Sizi nələr duyğulandırır?
- Çox şey... Hər hansı xatirə, qəmli film, musiqi...

Çəkidə ağır gələn nədir?
- Həyatda ən ağır şey həqiqətdir. Onun altından hər kəs çıxa bilmir.

Haqsızlıq qarşısında nə edirsiniz?
- Dua edirəm, səbir edirəm, ən sonda, hərəkət edirəm.

Sənət və ailə... İkisini bir arada idarə etmək çətin deyilmi?

- Çətini balansı tapıncadır. Sənətdə məhsuldar olub, ailənlə nəfəs ala bilərsən.   Mənim kimi... Mən praqmatikəm və hər şeyin yerini bilirəm.

Sonda, oxucularımıza nə demək istərdiniz?
- Oxucularınıza demək istərdim ki, çox oxusunlar. Mütaliə insanı arif edir.