28 May - şanlı tarixin şanlı səhifəsi!

28 May - şanlı tarixin şanlı səhifəsi!

"Bir kərə yüksələn bayraq, bir daha enməz!"

Bu sözlər Azərbaycan tarixinin görkəmli siyasi xadimlərindən və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. Bu sözlər Rəsulzadə və digər AXC xadimlərinin məqsədini açıqlayır - uzunömürlü, müstəqil, azad bir Azərbaycan qurmaq və gələcək nəsillər üçün onu qoruyub saxlamaq. Əlbəttə o dövrdə siyasi vəziyyət bütün dünyada çox gərgin idi və yeni yaranan bir dövlətin uzun müddət ayaqda qalması çox çətin idi. Doğrudur, 1918-ci ilin bu günündə yaratdığımız Cümhuriyyətin cəmi iki il ömrü olsa da, bizim üçün çox böyük əhəmiyyəti var və AXC-nin qurulması tariximizin şanlı səhifələrindən biridir. Ancaq bugün sevinmək üçün bir çox səbəbimiz var. Bu gün biz öz müstəqil Azərbaycanımızda, Şərqdə yaratdığımız ilk demokratik Respublikanın quruluş ildönümünü - 28 may Respublika gününü qeyd edirik. Tariximizdə fəxr edəcəyimiz bir çox hadisə var və onlar hamısı bizlər və bizdən sonrakı nəsillər üçün mirasdır. Biz orta əsrlər dönəmində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövləti kimi iri dövlətləri və imperiyaları yaratmış və eyni zamanda, Şərqdə ilk demokratik Respublikanın təməlini qoymuş bir xalqıq. Əgər bu hadisə haqqında daha ətraflı danışmalı olsaq qeyd etməliyik ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika Günü kimi hər il təntənə ilə qeyd edilir. 

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclas keçirib Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha dəqiq desək, Azərbaycan Parlamenti elan etdi. Bununla da əslində Azərbaycan tarixində ilk Parlament yarandı və ilk Parlamentli Respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ verir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanı xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət idarə edəcək.

Bəli, məhz bu qədəri belə bu hadisənin ölkəmizin və bütün Şərqin tarixində necə əhəmiyyətli bir yer tutduğunu göstərir. Daha çox məlumat vermək olar, ancaq məqsədim tarixi faktları sadalamaq deyil. Məqsədim tariximizin bu qürurverici səhifəsini bir daha yada salmaqdır. Bu hadisə Azərbaycan xalqının bütün dünyaya nümunə ola biləcəyini göstərdi və bizlərə böyük bir miras olaraq qaldı. Bugün biz bilməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti hər bir azərbaycanlının xatırlamalı olduğu bir tarixdir və hər birimiz bu mirasın daşıyıcısıyıq. Bugünki müstəqil Azərbaycan tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərinin varisidir. Dövlət və xalq olaraq biz bu varislik missiyasının daşıyıcısıyıq. Bugün dövlətimiz AXC dövrünün layiqincə yad edilməsi və AXC qurucularının əziz xatirəsinin yaşadılması üçün çox böyük işlər görür. Buna misal olaraq, Prezident İlham Əliyev tərəfindən ötən ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamını gətirmək olar. Həmin il ölkəmizdə və xarici ölkələrdə AXC ilə bağlı bir çox tədbirlər keçirildi. Və eləcədə gələcəkdə də tariximizin hər bir dövrünün tanıdılması üçün bir vətəndaş olaraq çalışmalıyıq. Son olaraq, müasir, müstəqil Azərbaycanın memarı və əsrlər boyu gələn dövlətçilik ənənələrimizi yaşatmış olan Ulu Öndər Heydər Əliyevin AXC haqqında olan sözlərini əziz oxucularla bölüşmək istəyirəm:

“Bu gün – bu bayram günü (28 May) biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə hörmət əlaməti olaraq Heydər Əliyev öz nitqində bildirir: “Bu bayram günlərində Azərbaycanın Türkiyə, Fransa, Gürcüstanda olan səfirliklərində bizim göstərişimizlə M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoyskinin qəbirlərini ziyarət edir və onların xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirlər”.

Azərbaycan Respublikasının 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərini xüsusi vurğulayaraq demişdir: “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər.” 

Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında qeyd etmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü.” 

Heydər Əliyev Azərbaycanın dövlət tədbirlərində mütəmadi olaraq 1918 - 1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılarına xüsusi münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusilə dövlət quruculuğu sahəsindəki işləri böyük əhəmiyyət kəsb etmişdir. Hökumət hələ Gəncədə ikən Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrdə 40 minlik bir nizami ordu təşkil etməyi bacarmışdı.

1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan dövlətinin de-fakto tanınmasından sonra Sovet Rusiyasının ona münasibəti kəskin şəkildə dəyişdi. Müstəqil Azərbaycanı Denikinin əli ilə məğlub etmək istəyən Sovet Rusiyası Azərbaycandan tələb edirdi ki, Denikinə qarşı mübarizədə ona müttəfiq olsun. Lakin Azərbaycan rəhbərliyi bundan imtina etdi. Bununla bağlı Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə demişdir: “1920-ci ilin əvvəlində Rusiyanın kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın ərazilərinin hamısını ələ keçirməyə başladı. Bunun üçün yenə də Azərbaycan, Bakı xüsusi yer tuturdu. Təsadüfi deyil ki, XI ordu Cənubi Qafqaza öz yürüşünə Azərbaycandan, Bakıdan başladı.” Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv səbəblərinin təhlilini verən Heydər Əliyev qeyd edir ki, güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi. Mən bir daha deyirəm ki, “Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet Qırmızı Ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.