Masallıda pomidor sahələrində “sovka” xəstəliyi yayılıb

Masallıda pomidor sahələrində “sovka” xəstəliyi yayılıb

Masallıda pomidor sahələrində “sovka” xəstəliyi yayılıb.

24media.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 10 gündən çoxdur ki, ziyanverici həşəratlar məhsulun zay olmasına səbəb olur. Nəticədə, rayonun 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvarda fermerlərə ziyan dəyib.

Ziyanverici el arasında “pomidor sovkası” adlanan qurddur. Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, əvvəlki illərdə analoji problemi yaşadıqları üçün qabaqcadan lazımi tədbirlərin görülməsi əhəmiyyətli dərəcədə xəstəliyin qarşısını almağa kömək olub. Mərkəzin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat verib. Lakin sovka karantin zərərverici sayılmadığı üçün həm öz hesablarına kimyəvi dərman preparatlarının alınması, həm də dərmanlama aparatlarının olmaması zərərvericilərə qarşı mübarizədə fermerlərə müəyyən çətinliklər yaradır.

Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılması üçün hazırda pomidor sahələrində dərmanlama işləri aparılır.