Britaniyanın paytaxtı Londonda tibb müəssisəsindən qaçan 38 yaşlı məhbusun axtarışları davam edir. Polis Entoni Loydun həm özü, həm də ictimaiyyət üçün təhlükə yarada biləcəyini bildirib.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Metropoliten Polisinin məlumatına görə, Loyd cümə günü saat 16:00-dan bir qədər sonra Londonun cənub-şərqində yerləşən Lyuishem rayonundakı tibb müəssisəsindən qaçıb.
Polis əhaliyə müraciət edərək məhbusla yaxınlaşmamağı, onu gördükləri təqdirdə isə dərhal 999 nömrəsinə zəng etməyi tövsiyə edib. Rəsmi açıqlamaya əsasən, o, şənbə günü Ketford istiqamətində hərəkət edərkən görülüb.
“Press Assosieyşn” agentliyinin məlumatına görə, Loyd 2025-ci ildə Nottingemşir qraflığında üç təcili yardım əməkdaşının iştirakı ilə baş vermiş hadisəyə görə sağlamlığa faktiki xəsarət yetirməkdə təqsirli bilinib.
O, 12 ay müddətinə azadlıqdan məhrum edilib və həbsxanaya göndərilib. Sentyabr ayında isə Lyuishemdəki tibb müəssisəsinə köçürülüb.
Polisin məlumatına görə, 38 yaşlı Loyd ağdərilidir, boyu təxminən 173 santimetrdir və orta bədən quruluşuna malikdir. Onun saçları qısa və tünd rəngdədir.
O, sonuncu dəfə cümə günü saat 16:10 radələrində boz-mavi rəngli futbolka, qara idman şalvarı və ağ idman ayaqqabısı geyinmiş vəziyyətdə görülüb.
Polis məhbusun yerinin müəyyənləşdirilməsi üçün axtarış tədbirlərini davam etdirir.
Fərid Tapdıqov
