Avstraliyanın Kvinslend ştatında boks tədbirinin keçirildiyi məkanın qarşısında baş verən silahlı insident nəticəsində dörd nəfər yaralanıb. Başından güllə yarası alan 19 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

24media.az The Guardian-a istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə şənbə günü saat 20:18 radələrində Brisben şəhərinin cənubundakı Loqanholm ərazisində yerləşən “Fitsiz Loqanholm” məkanının qarşısında baş verib. Sərnişinlərin düşməsi üçün nəzərdə tutulan ərazidə bir qrup insan toplaşdığı zaman hadisə yerinə “Mitsubishi” markalı avtomobil yaxınlaşıb.
Kvinslend polisinin detektiv-inspektoru İan Qalpin bildirib ki, avtomobilin ön sərnişin pəncərəsindən bir neçə dəfə atəş açılıb. Həmin vaxt avtomobildə üzlərinə balaklava taxmış və əlcək geyinmiş iki kişi olub. Atəş nəticəsində dörd nəfər yaralanıb.
Cimbumbadan olan 19 yaşlı qadın boyun və baş nahiyəsindən güllə yarası alıb. O, əməliyyat olunub və hazırda vəziyyəti kritikdir. Qalpin qadının hadisə ilə əlaqəsi olmayan təsadüfi şəxs olduğunu vurğulayıb.
“Bu, dəhşətlidir. Heç bir ailə belə bir vəziyyətlə üzləşməməlidir”, — deyə o bildirib.
Digər yaralılar — Brauns-Pleynz şəhərindən olan 38 yaşlı kişi, Solsberi şəhərindən olan 37 yaşlı kişi və Kornubiya şəhərindən olan 27 yaşlı kişi qarın nahiyəsindən güllə yaraları alıblar. Onlardan birinin qolundan da yaralandığı bildirilib. Hər üç yaralının vəziyyəti ağır, lakin stabildir.
Polisin məlumatına görə, hadisədən sonra “Mitsubishi” markalı avtomobil Uoterford-Vest ərazisindəki Maloni-Roud küçəsində yandırılıb. Ərazi polis tərəfindən mühasirəyə alınaraq hadisə yeri elan edilib. Daha sonra başqa bir avtomobil “Mitsubishi”də olan şəxsləri götürərək ərazidən uzaqlaşıb.
Qalpin həmin şəxslərdən birinin bu proses zamanı yaralanmış və ya yanıq xəsarəti almış ola biləcəyini istisna etməyib.
Polis hadisənin mütəşəkkil cinayətkarlıqla əlaqəli olub-olmadığını araşdırır. Şübhəlilər hələ də saxlanılmayıblar.
Fərid Tapdıqov
