“Fənərbağça” klubunun Ali Divan Şurasının iclası başlayıb. Şuranın sədri Şekip Mosturoğlu bildirib:
“Tutuklu MHK sədrinin seçdiyi hakimlər liqadan düşənləri və çempionları müəyyənləşdirib. Bu gün haqlı olduğumuz acı şəkildə təsdiqlənib”.
24media.az TRT Haber-ə istinadən xəbər verir ki, “Fənərbağça” klubunun Kalamışdakı Faruk İlqaz Təsislərində keçirilən toplantısında klub prezidenti Aziz Yıldırım, Ali Divan Şurasının sədri Şekip Mosturoğlu, keçmiş və yeni idarə heyətinin üzvləri, eləcə də Ali Divan Şurasının üzvləri iştirak ediblər.
Bir dəqiqəlik sükut və İstiqlal Marşının səsləndirilməsindən sonra toplantının açılış nitqini söyləyən Ali Divan Şurasının sədri Şekip Mosturoğlu Türkiyə futbolunda son dövrlərdə baş verən hadisələrlə bağlı açıqlama verib.
“Fənərbağça”nın uzun illərdir sözügedən “düzən” barədə açıqlamalar verdiyini və şikayətçi olduğunu xatırladan Mosturoğlu bildirib:
“İçində olduğumuz ay ərzində Türkiyə futbolunda mühüm hadisələrin şahidi olduq. Biz bu məsələləri gündəmə gətirəndə rəqiblərimiz bunların həqiqətlə örtüşmədiyini söyləyirdilər. Bu prosesdə "Fənərbağça" klubuna və klubu təmsil edən şəxslərə çox ağır, rekord səviyyədə cəzalar verildi. Bu cəzaların hamısı Türkiyə Futbol Federasiyası (TFF) və hakimlər haqqında edilən açıqlamalara görə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən verilib. Tarixdə bu cəzalar başqa heç bir kluba verilməyib”.
“Fənərbağça”nın rəqibləri tərəfindən uzun illərdir idman rəqabəti ehtirası ilə hərəkət etməkdə ittiham olunduğunu bildirən Mosturoğlu sözlərinə belə davam edib:
“İllərdir bu kürsüdən etdiyimiz çıxışlarda səsləndirdiyimiz "Türkiyə futbolunda gözlərimizin önündə faciəvi bir teatr oynanılır" sözləri öz həqiqiliyini ortaya qoyub. Biz islahatın vacib olduğunu dedikcə, bizi idman rəqabəti ehtirası ilə hərəkət etməkdə ittiham etdilər. Bu gün haqlı olduğumuz acı şəkildə təsdiqlənib.
Hakimlərlə bağlı iş üzrə aparılan istintaq çərçivəsində Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədrinin həbs edilməsi illərdir qarşı-qarşıya olduğumuz mütəşəkkil strukturun hüquq-mühafizə orqanları tərəfindən ortaya çıxarılması deməkdir. Ləyaqətin unudulduğu, oyun təyinatlarının MHK sədrinin iki dodağı arasında olduğu bir mühitdə ədalətli oyundan danışmaq mümkün deyil. Həbsdə olan MHK sədrinin şəxsi seçimləri ilə vəzifəyə gətirilən hakimlər aşağı liqaya düşənləri və çempionları müəyyənləşdiriblər”.
Hakimlərin daxili məsələlərlə bağlı ifadələr verdiklərini, lakin bunun kifayət etmədiyini bildirən Mosturoğlu sözlərini belə tamamlayıb:
“Biz bu hakimlərin yaşadıqlarını bütün təfərrüatları ilə prokurorluğa danışmalarını gözləyirik. Hakimlik institunun həvəskar futboldan Super Liqaya qədər necə bir favoritizm və ədalətsizlik girdabına düşdüyü görünür. Hakimlərin danışılmış oyunlar və mükafatlandırma cinayətləri səbəbindən həbs edildiyi bir prosesdə heç kim ədalətli oyundan danışa bilməz.
Arzumuz aparılacaq effektiv istintaq çərçivəsində törədildiyi düşünülən cinayətlərin bütün istiqamətləri ilə ortaya çıxarılmasıdır. Hüquqi proseslər inkişaf etdikcə bu prosesə daxil olacağıq.
UEFA-nın Türkiyə futbolunda baş verən fövqəladə hadisələri nəzərə alaraq müşahidəçi göndərdiyi bir dövrdəyik. Rəqiblərimizin TFF və ya MHK üçün səsləndirdikləri istefa çağırışları ədalətsiz düzəni dəyişdirmək üçün deyil, onu öz maraqlarına uyğunlaşdırmaq üçündür.
İstəyimiz aydındır: şəxslərin deyil, bu sistemin kökündən dəyişdirilməsi. Etimadın şəxslərə deyil, quruma və sistemə yönəlməsi lazımdır. Türkiyə futbolunun bu düzənlə irəliləməsi mümkün deyil.
Türkiyə futbol sistemində köklü institusional dəyişiklik üçün bir araya gəlməsək, Türkiyə futbolu UEFA-nın nəzarətinə düşməkdən xilas ola bilməz.
Həqiqətlərin üzə çıxmaq kimi bir xüsusiyyəti var. Bizim mübarizəmiz şəxslərlə deyil, pozulmuş düzənə qarşıdır”.
Fəqan Nurullazadə
