Fransa hökuməti ötən həftəsonu baş vermiş kütləvi iğtişaşların təkrarlanmasının qarşısını almaq məqsədilə şənbə günü ölkə üzrə 70 minə yaxın polis əməkdaşını səfərbər edəcək.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Daxili işlər naziri Loran Nünesin cümə günü verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin tərkibinə terrorla mübarizə və girovların azad edilməsi əməliyyatlarında iştirak edən xüsusi təyinatlı bölmələr də daxil ediləcək. Nazir sosial şəbəkələrdə “ultra-solçu” qruplar tərəfindən zorakılığa çağırışların edildiyini bildirib.
“Biz dinc və mehriban nümayişdən danışmırıq”, – deyə Loran Nünes Prezident Emmanuel Makronun sədrliyi ilə keçirilən yüksək vəzifəli şəxslərin toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib. O, hakimiyyətin şənbə günü qətiyyətli tədbirlər görməyə və heç bir qanun pozuntusuna dözməməyə hazır olduğunu vurğulayıb.
Emmanuel Makron və onun hökuməti ölkədə yaranmış böhranın qarşısını almağa çalışır. Prezident seçkilərinə altı ay qalmış baş verən hadisələr hökuməti hazırlıqsız yaxalayıb. Qarşıdan gələn seçkilərdə Emmanuel Makronun varisi müəyyənləşdiriləcək.
Fransa hökuməti ötən şənbə günü baş vermiş genişmiqyaslı iğtişaşlar zamanı vəziyyətə nəzarəti itirdiyini etiraf edib. Qarşıdurmalar yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları fonunda baş verib və son illərin ən şiddətli küçə zorakılığı hadisələrindən biri kimi qiymətləndirilib.
Fərid Tapdıqov
