Bu gün:

Paris yaxınlığında ölümcül atışma terror cinayəti kimi araşdırılır


Fransanın paytaxtı Parisin ətrafında baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Hadisə terror aktı ehtimalı ilə araşdırılır.

24media.az BBC.news-a istinadən xəbər verir ki, cümə günü əvvəlcə Parisin cənub-qərbində yerləşən Trappes şəhərində, daha sonra isə yaxınlıqdakı La Verrière şəhərində avtomobildən atəş açılması ilə bir neçə hücum baş verib. Fransanın daxili işlər naziri Laurent Nuñez hücumların təxminən 15 dəqiqə davam etdiyini bildirib. Yaralananlar arasında 12 yaşlı qız da var.

Trappes şəhərinin meri Ali Rabeh bildirib ki, hücum edən şəxs boz rəngli Renault Clio markalı avtomobillə bir neçə məhəllədən keçərək qarşısına çıxan insanlara təsadüfi atəş açıb. Onun sözlərinə görə, silahlı şəxs mümkün qədər çox insana zərər verməyə çalışıb. Hücum zamanı yanacaqdoldurma məntəqəsi, tibb mərkəzi, uşaq meydançası və bir neçə avtomobil atəşə tutulub.

Terrorla Mübarizə üzrə Milli Prokurorluq (PNAT) hadisəni “terror fəaliyyəti ilə əlaqəli qətl” ehtimalı ilə araşdırır. İstintaq çərçivəsində hücumun qurbanların irqi, etnik, milli və ya dini mənsubiyyəti ilə əlaqəli olub-olmadığı da araşdırılır. Mer hücumun irqçi, ehtimal ki, islamofob motiv daşıya biləcəyini bildirib. Bununla belə, prokurorluq qurbanların kimliyi ilə bağlı tələsmədən nəticə çıxarmağa çağırıb.

Polisin məlumatına görə, hücum edən şəxs köhnə tipli yarımavtomatik silahdan istifadə edib. Prokurorluq həmçinin A kateqoriyasına aid silahın saxlanılması və terror qruplaşması ilə əlbir olmaq ehtimallarını araşdırır.

Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et