Güclü külək və leysan yağışları ilə müşayiət olunan Champi tayfununun yaxınlaşması səbəbindən oktyabrın 23-də Tayvanda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunub. Tayfunun zəifləməsinə baxmayaraq, meteoroloqlar onun adaya birbaşa çatması ehtimalını istisna etmirlər.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, Champi tayfununun mərkəzinə yaxın ərazilərdə küləyin sürəti saatda 191 kilometrə çatıb. Güclü külək və leysan yağışları səbəbindən əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra ərazilərdə qabaqlayıcı tədbirlər görülüb. Dağlıq bölgələrdən 2 639 nəfər təxliyə edilib.
Tayfun nəqliyyat fəaliyyətinə də ciddi təsir göstərib. Nəqliyyat Nazirliyinin məlumatına əsasən, cümə günü 262 daxili və 717 beynəlxalq aviareys ləğv edilib. Maliyyə bazarlarının fəaliyyəti dayandırılıb, bir çox məktəb və müəssisə bağlanıb. Tayfun nəticəsində bir nəfər həlak olub, 163 nəfər xəsarət alıb.
Proqnozlara görə, Champi tayfunu Tayvanın şimal-şərq sahillərinin yaxınlığından keçdikdən sonra Çin sahilləri istiqamətində hərəkət edə və daha sonra Yaponiyanın cənubuna doğru irəliləyə bilər. Səlahiyyətli qurumlar sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə və hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqları izləməyə çağırıblar.
Emiliya Vəlicanova
