Bu gün:

Fransada Şamonda virusuna ilk yoluxma halı insanda təsdiqlənib


Fransa hakimiyyəti oktyabrın əvvəlində Lion şəhərində vəfat edən xəstədə Şamonda virusunun aşkarlandığını təsdiqləyib. Bu, virusun insanda qeydə alınan ilk təsdiqlənmiş yoluxma halıdır.

Foto: AP Photo/Marta Lavandier

24media.az ru.euronews saytına istinadən xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, xəstənin immun sistemi ciddi şəkildə zəif olub və o, ağır xəstəlik səbəbindən müalicə alıb. İndiyədək virusun insanlara yoluxmadığı hesab edilib.

Şamonda virusu əsasən iribuynuzlu heyvanları yoluxdurur və həşəratlar, xüsusilə Culicoides cinsinə aid xırda dişləyici milçəklər vasitəsilə yayılır. Fransa hakimiyyəti xəstənin ölkənin şərqində həşərat dişləməsi nəticəsində yoluxduğunu ehtimal edir. Lakin yoluxmada iştirak edən həşəratın dəqiq növü hələ müəyyənləşdirilməyib.

Fransa Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, xəstənin ölümündən əvvəl müşahidə olunan beyin ağırlaşmalarının virusla əlaqəli olması ehtimalı yüksəkdir. Bununla belə, virusun ölümə birbaşa səbəb olub-olmadığını müəyyənləşdirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi ilə birgə araşdırmalar davam etdirilir. Hakimiyyət orqanları virusun ümumi əhali üçün təhlükə yaratmadığını bildirir.

İribuynuzlu heyvanlarda virus əsasən qızdırma, halsızlıq və ishal kimi əlamətlərlə müşahidə olunur. Süd verən inəklərdə isə süd məhsuldarlığı əhəmiyyətli dərəcədə azala bilər.

Şamonda virusu ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. Sonradan Afrika ölkələrində və Yaponiyada heyvanlar arasında qeydə alınıb. Bu ilin yayında virus ilk dəfə Qərbi Avropada aşkarlanıb. Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrində heyvanlar arasında yoluxma halları qeydə alınıb.



Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et