ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Meta” şirkətinin istifadəçiləri şəxsi məlumatlarının qorunması ilə bağlı məsələlərdə yanıltması səbəbindən şirkətin ştata 25 milyard dollar məbləğində cərimə ödəməsi barədə qərar qəbul edib. Bu qərar ABŞ tarixində şirkətlərə qarşı tətbiq edilən ən böyük maliyyə cəzalarından biri hesab olunur.

24media.az Reuters-ə istinadən xəbər verir ki, İş 2018-ci ildə üzə çıxan “Cambridge Analytica” qalmaqalı ilə əlaqədardır. Həmin vaxt milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarının onların razılığı olmadan əldə edildiyi və siyasi reklamların hədəflənməsi məqsədilə istifadə olunduğu bildirilmişdi. Nyu-Meksiko ştatının rəsmiləri “Meta”nı istifadəçilərin məlumatlarına kimin çıxış əldə edə bilməsi və şirkətin məlumatların qorunması siyasəti barədə ictimaiyyəti yanıltmaqda ittiham etmişdilər.
Məhkəmə prosesində andlılar şirkətin istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunu 43 milyondan çox dəfə pozduğunu müəyyən ediblər. Hakim Frensis Mettyu mümkün cərimənin məbləğini daha yüksək qiymətləndirsə də, yekun cəzanı 25 milyard dollar olaraq müəyyən edib.
“Meta” şirkəti qərardan apellyasiya şikayəti verəcəyini bildirib. Şirkətin hüquq məsələləri üzrə rəhbəri qərarın dəyişdiriləcəyinə əmin olduqlarını qeyd edib. Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres isə qərarın texnologiya şirkətlərinin istifadəçilərin hüquqlarına görə məsuliyyət daşımalı olduğunu göstərdiyini vurğulayıb.
Emiliya Vəlicanova
