Bu gün:

ABŞ ilk qadın Klublararası Dünya Çempionatına ev sahibliyi edəcək


Futbol üzrə beynəlxalq idarəetmə orqanı olan FİFA tərəfindən qadın futbolunda tarixi bir qərar rəsmən təsdiqlənib. Məlumata görə, tarixdə ilk dəfə təşkil olunacaq qadınlar arasında Klublararası Dünya Çempionatı 2028-ci ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək.

 

24media.az BBC.com-a istinadən xəbər verir ki, 5-30 yanvar 2028-ci il tarixlərində baş tutacaq turnirdə ümumilikdə 19 komanda mübarizə aparacaq. Yarışın hər dörd ildən bir təşkil edilməsi nəzərdə tutulur. İndiyədək yarışa vəsiqə qazanan yeddi klub arasında "Arsenal", "Barselona", "Qotem", "Klub Amerika", "Korintians", "Naeqohyanq" və "Vuhan Jiangda" kimi komandalar yer alır. Qalan 12 iştirakçının adı isə növbəti mərhələlərdə bəlli olacaq.  

FİFA-nın qadın futbolu üzrə məsul rəsmisi Sarai Bareman bildirib ki, ABŞ-nin böyük turnirləri təşkil etmə təcrübəsi, zəngin idman infrastrukturu və ölkədə qadın futboluna olan yüksək maraq bu seçimin edilməsində həlledici rol oynayıb. Qeyd edək ki, ABŞ 2031-ci ildə Kosta-Rika, Yamayka və Meksika ilə birgə qadınlar arasında Dünya Çempionatına da ev sahibliyi edəcək.  

Bununla belə, yeni turnirin təqvimi bəzi müzakirələrə səbəb olub. Qadınlar Superliqası turnirin mövsümün tən ortasına təsadüf etməsini klublar üçün çətinlik yarada biləcəyini vurğulayıb.  

Turnirin keçiriləcəyi şəhərlər və oyun cədvəli ilə bağlı ətraflı məlumatın yaxın vaxtlarda FİFA tərəfindən geniş ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et