Torpaq bəndlərində kaskad qəza risklərinə həsr olunan VIII Avrasiya Konfransı (RISK-2026) və Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyasının Cənubi Qafqaz Seminarı oktyabrın 22-də işə başlayıb.

24media.az xəbər verir ki, beynəlxalq tədbir Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, eləcə də bir sıra beynəlxalq elmi və texniki qurumların tərəfdaşlığı ilə keçirilir.

Oktyabrın 22–23-nü əhatə edən konfransın açılış mərasimi Bakıda, Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında təşkil olunub. Proqramın ikinci günü isə Mingəçevirdə, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin konfrans zalında keçiriləcək.

Açılış mərasimində su infrastrukturlarının təhlükəsizliyi, təbii və texnogen risklərin idarə olunması, eləcə də universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında iqlim dəyişiklikləri, su ehtiyatlarının təhlükəsizliyi və enerji infrastrukturunun dayanıqlılığının aktual elmi problemlər olduğunu bildirib. O, universitetlərin bu sahələrdə tədqiqatların aparılmasına və praktik həllərin hazırlanmasına töhfə verməsinin əhəmiyyətini vurğulayıb. Rektor konfransın Mingəçevirdə davam etdirilməsinin su və enerji təhlükəsizliyi üzrə elmi müzakirələr, eləcə də universitet-sənaye əməkdaşlığı baxımından imkanlar yaradacağını qeyd edib.

Coğrafiya İnstitutunun direktoru Zaur İmrani su ehtiyatlarının idarə olunması, hidrotexniki qurğuların təhlükəsizliyi və iqlim dəyişikliklərinin təbii sistemlərə təsirinin öyrənilməsindən danışıb. O, Kür-Araz hövzəsində hidroloji proseslərin tədqiqinin, daşqın risklərinin proqnozlaşdırılmasının və müasir monitorinq texnologiyalarının tətbiqinin vacibliyini diqqətə çatdırıb.

AMIR Texniki Xidmətlər Şirkətinin direktoru, professor Vüqar Əliyev isə bəndlərdə baş verə biləcək kaskad qəzaların risklərinin qiymətləndirilməsi, rəqəmsal modelləşdirmə və erkən xəbərdarlıq mexanizmləri üzrə beynəlxalq təcrübənin əhəmiyyətini qeyd edib.

Konfransda Azərbaycanla yanaşı, Gürcüstan, İtaliya, Vyetnam, Türkiyə, Avstraliya, Qazaxıstan və digər ölkələri təmsil edən alim və tədqiqatçılar iştirak edirlər. Məruzələrdə su anbarları və bəndlərin etibarlılığı, Kür-Araz hövzəsində daşqın riskləri, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi əsasında erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastruktur məsələləri araşdırılır.

Oktyabrın 23-də Mingəçevirdə keçiriləcək ESRA Cənubi Qafqaz Seminarında Kür çayı hövzəsində bəndlərin kaskad zədələnmə risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, konfransın Mingəçevirdə davam etdirilməsi şəhərin su və enerji infrastrukturu ilə bağlı məsələlərin beynəlxalq elmi müzakirələr çərçivəsində nəzərdən keçirilməsinə imkan verəcək.








Həvva Cəbrayılova
