Bu gün:

WSJ: ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü hələ təsdiqləməyib


ABŞ müdafiə naziri Pit Heqsetin Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü hələ təsdiqləmədiyi iddia edilib.

24media.az Trt Xəbərə istinadən xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinə danışan mənbələr müdafiə naziri Heqsetin Ukraynanın ballistik raketlərin qarşısını almaq məqsədilə tələb etdiyi Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü rəsmi olaraq rədd etmədiyini, lakin təsdiq üçün tələb olunan addımları tamamlamadığını irəli sürüblər.


Sözügedən gecikmə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları dayandırdığı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə arasında gərginliyin artdığı bir dövrə təsadüf edib.


Digər tərəfdən, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi ölkəsinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə tərəflərlə danışıqlar aparılması məsələsində konstruktiv rol oynamağa davam etdiyini bildirib.


ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə yüz minlərlə ton dizel tədarükü barədə razılığa gəldiklərini, bunun müqabilində sanksiyaları müvəqqəti olaraq dayandırdıqlarını açıqlamışdı.


Tramp son dövrlərdə münasibətlərinin gərginləşdiyi Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskva ilə razılaşma əldə etməyə hazır olmadığını iddia edərək, “Bəlkə də Zelenskinin danışıqları başqasına həvalə etməsinin vaxtı çatıb”, – ifadəsini işlətmişdi.


Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et