Əbu-Dabidə yaralı və çətin vəziyyətdə olan vəhşi heyvanlara kömək etmək üçün vahid şəbəkə yaradılıb. Abu Dhabi Wildlife Response Network adlı bu layihənin məqsədi əmirlikdə biomüxtəlifliyi qorumaq və təbiətin mühafizəsini daha səmərəli etməkdir.

24media.az russianemirates saytına istinadən xəbər verir ki, layihə dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, elmi müəssisələri, özəl sektoru və yerli sakinləri bir araya gətirir. Rəqəmsal sistem vasitəsilə hadisələr qeydə alınacaq, heyvanlara kömək etmək üçün mütəxəssislər göndəriləcək, onların müalicəsi və bərpası təşkil olunacaq. Daha sonra heyvanlar təbii yaşayış yerlərinə qaytarılacaq.
Şəbəkə Əbu-Dabi Ətraf Mühitin Mühafizəsi Agentliyinin 10 illik təcrübəsi əsasında yaradılıb. İşlərə 2016-cı ildə dəniz tısbağalarına kömək proqramları ilə başlanılıb. Daha sonra bu fəaliyyət dəniz ilanlarını, dugonları, delfinləri və quşları da əhatə edib.
Heyvanların sağlamlığı və ölüm səbəbləri haqqında məlumatlar toplanacaq. Bu məlumatlar təbiətin qorunması üçün yeni strategiyaların hazırlanmasında istifadə olunacaq. Həmçinin heyvanların sayının bərpası üçün uzunmüddətli proqramlar hazırlanacaq.
Gələcəkdə agentlik heyvanları real vaxtda izləmək üçün yeni texnologiyalar tətbiq etməyi planlaşdırır. Mütəxəssislər üçün əlavə təlimlər də keçiriləcək. Beynəlxalq əməkdaşlıq genişləndiriləcək. Əhalinin məlumatlandırılmasına da xüsusi diqqət yetiriləcək.
Aysel Mehtizadə
