Bu gün:

İran komandirləri yeni müharibəyə hazırlaşır


İran ABŞ-la müharibənin yenidən başlayacağı ehtimalına qarşı hazırlaşdığını bildirib. İran rəsmiləri ABŞ prezidenti Donald Trampı münaqişənin yenidən başlama ehtimalına qarsı çəkindirmək məqsədilə Vaşinqtona və onun müttəfiqlərinə qarşı yeni təhdidlər səsləndiriblər.

24media.az CNN-ə istinadən xəbər verir ki, İran hərbi komandirləri son bir ayda yeni silah ehtiyatları topladıqlarını və müharibə yenidən başlayarsa, regiondan kənardakı hədəflərə də zərbələr endirə biləcəklərini bildiriblər. Bu hədəflərə sualtı internet kabelləri, süni intellekt məlumat mərkəzləri, eləcə də neft və qaz obyektləri daxil ola bilər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhebbinin sözlərinə görə, ölkənin hələ hücuma məruz qalmamış yeni hədəfləri var. O, İranın uzunmüddətli müharibəyə hazır olduğunu vurğulayıb.

ABŞ və İsrailin fevral ayında İrana qarşı başlatdığı müharibədən təxminən doqquz ay keçsə də, münaqişədə ciddi irəliləyiş yoxdur. Hər iki tərəf qələbə qazandığını iddia edir. ABŞ İrana vurduğu zərəri önə çəkir, Tehran isə müharibəyə baxmayaraq ayaqda qalmasını uğur hesab edir.

ABŞ rəsmiləri müharibə yenidən başlayacağı təqdirdə İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıblar. Bu planlara ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombalarından biri olan MOAB-ın istifadəsi də daxil ola bilər.

İran isə əvvəlki hücumlardan fərqli olaraq, bu dəfə ilk zərbəni gözləmədən qabaqlayıcı hücumlar həyata keçirə biləcəyinə işarə edib. İran hərbçiləri ölkə ərazisində keçirilən təlimlər zamanı 30 ballistik raketin eyni vaxtda buraxıldığını bildiriblər.

Ekspertlərin fikrincə, münaqişə genişlənərsə, İran Avropadakı ABŞ hərbi bazalarını da hədəfə ala bilər. Tehran həmçinin bir-biri ilə əlaqə saxlayan, uçuş istiqamətini dəyişə bilən süni intellekt dəstəkli dronlardan istifadə imkanlarını inkişaf etdirməyə çalışa bilər.

İranın hərbi rəhbərliyi müharibəyə hazır olduğunu bildirsə də, ölkə əhalisi yeni hücumların baş verə biləcəyindən narahatdır. Tehran sakinlərindən biri CNN-ə bildirib ki, insanlar bombardmanların yenidən başlayacağını gözləyir, su və digər zəruri ehtiyatları hazırlayırlar.

Regional ekspertlərin fikrincə, İranın əsas məqsədi ABŞ-a mümkün hücumun daha geniş münaqişəyə səbəb olacağını göstərməkdir. Lakin bu təhdidlər Vaşinqton tərəfindən təxribat kimi qəbul edilərsə, qarşısını almağa çalışdıqları müharibənin yenidən başlaması ehtimalı arta bilər.


Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et