Bu gün:

Fransada sarı jiletlilərin aksiyalarında 2 mindən çox şəxs saxlanılıb


Fransada dünən küçələrə çıxan sarı jiletlilərin aksiyaları zamanı 2 mindən çox şəxs saxlanılıb.


24media.az Trt Xəbərə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Laurent Nunez sosial şəbəkədəki açıqlamasında dünən ölkə üzrə keçirilən sarı jiletlilərin aksiyalarını qiymətləndirib.


Nunez, “Etiraz aksiyası keçirmək əsas hüquqdur, lakin zorakı və mütəşəkkil şəkildə iğtişaş törətmək deyil”, – deyə bildirib.


O qeyd edib ki, heç bir şey təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına hücum etməyə, ictimai binalara zərər vurmağa, prefektura və bələdiyyə binalarına icazəsiz daxil olmağa, eləcə də mağazaları qarət etməyə haqq qazandıra bilməz. Nunez dünən bəzən gec saatlara qədər çətin şəraitdə xidmət göstərən polis əməkdaşlarına, jandarmalara və yanğınsöndürənlərə dəstəyini ifadə edib.


Nunez bildirib ki, dünən günorta saatlarından etibarən dövlət binalarını hədəfə almağa və təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girməyə qərarlı olan ifrat solçu minlərlə şəxs zorakılıq hadisələrində iştirak edib. Daha sonra Paris, Marsel, Lion, Bordo, Renn, Strasburq, Qrenobl, Nitsa və Limoges kimi bir çox şəhərdə mağazaları qarət edən şəxslər də onlara qoşulub.


İndiyədək dünənki aksiyalar çərçivəsində 2 mindən çox şəxsin saxlanıldığını açıqlayan Nunez hadisələrin iştirakçılarının müəyyənləşdirilməsi və onların ədalət qarşısında cavab verməsi üçün araşdırmaların aparıldığını qeyd edib.


Nunez indiyədək aksiyalar zamanı baş verən zorakılıq hadisələrində 600-dən çox polis əməkdaşının, jandarmanın və yanğınsöndürənin yaralandığını bildirib və bu rəqəmin yekun olmadığını vurğulayıb.


Bir çox mağazaya ciddi ziyan dəydiyini qeyd edən Nunez, “Respublika iğtişaş və zorakılığı qəbul etdirməyə çalışanlara qarşı heç bir güzəştə getməyəcək”, – deyə bildirib.


Polis mənbələri Parisdəki aksiya zamanı halı pisləşən bir nəfərin ilk yardım məntəqəsinə aparıldığını açıqlayıb. Həmin şəxs məntəqənin qarşısına gətirilərkən həyatını itirib.


Paris Polis İdarəsinin açıqlamasına görə, həmin şəxs ürək və tənəffüs fəaliyyətinin dayanması nəticəsində vəfat edib.


Tələbələrin də dəstəklədiyi sarı jiletlilər yaşayış xərclərinin artmasına və yanacağın yüksək qiymətlərinə etiraz olaraq dünən ölkə üzrə aksiyalar keçiriblər.


Aksiyalar zamanı Paris başda olmaqla bir çox şəhərdə polis və nümayişçilər arasında gərginlik artıb və zorakılıq hadisələri baş verib.


Aralarında lüks brendlərin mağazalarının da olduğu bir çox obyektin qarət edildiyi aksiyalar zamanı Limoges şəhərindəki tarixi bələdiyyə binası yandırılıb.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et