Cinayətkarlar fırıldaqçılıq hallarını artırmaq üçün süni intellektdən istifadə etdiyindən alıcılara alış-veriş zamanı diqqətli olmaq tövsiyə edilir.

24media.az saytının BBC-dən əldə etdiyi məlumata görə, fırıldaqçılar özünü Britaniya istehsalı olan keyfiyyətli məhsullar satan ailə biznesləri kimi təqdim edən saxta veb-saytlar yaradırlar. Bu saytlardakı şəkillərdə Britaniya küçələri və ölkənin bayraqları əks oluna bilər. Sifariş edilən məhsul isə ya heç çatdırılmır, ya da Çin kimi ölkələrdə kütləvi istehsal olunan ucuz məhsul olur.
Hansı üsullara diqqət yetirmək lazımdır?
• Qısa müddətdə və ucuz qiymətə yaradılan, peşəkar görünüşlü saxta saytlar;
• Süni intellekt vasitəsilə qurbanların şəxsi məlumatlarını yadda saxlayan və həftələrlə, aylarla ünsiyyəti davam etdirən romantik fırıldaqlar;
• Təcili pul istəmək üçün ailə üzvlərinin və yaxın dostların səsini və görüntüsünü təqlid edən saxta videolar və səslər;
• Böyük həcmdə hazırlanan, səhvsiz və fərdiləşdirilmiş fişinq e-poçtları, mesajlar və sosial media paylaşımları.
Özümüzü necə qoruya bilərik?
• Şəxsən tanımadığınız insanlara pul, hədiyyə kartı və ya şəxsi-maliyyə məlumatları göndərməyin.
• Araşdırma aparın: mağazanın ünvanını yoxlayın, maliyyə şirkətlərinin rəsmi icazəsini araşdırın və iş elanlarının həqiqiliyini birbaşa şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirin.
• Bir insanın səsini eşitdiyinizə və ya onunla videozəng etdiyinizə görə onun həqiqi olduğuna inanmayın.
Nərmin Məmmədzadə
