Bu gün:

İndoneziyada yanğın həyəcanı:


İndoneziyada aylardır davam edən meşə yanğınları, nəsli kəsilməkdə olan Borneo oranqutanlarının həyatını təhlükə altına alır. 

24media.az Trt Xəbərə istinadən xəbər verir ki, rəsmilər və könüllülər yanğınlardan zərər çəkmiş heyvanları xilas edərək təhlükəsiz ərazilərə köçürmək üçün çalışırlar. Avqust ayından bəri 51 oranqutanın xilas edildiyi bildirilir. Cənub-Şərqi Asiyada baş verən meşə yanğınları regiondakı bir neçə ölkəni, xüsusilə də İndoneziyanı qalın tüstü dumanına bürüdü. Kənd təsərrüfatı sahələri yaratmaq məqsədilə bitki örtüyünün təmizlənməsi yanğınların əsas səbəbi olsa da, "El Niño" hava hadisəsi quraqlığı daha da şiddətləndirərək yanğınlarla mübarizə səylərini çətinləşdirib. Aylardır davam edən yanğınların yaratdığı hava çirkliliyi səbəbindən İndoneziya, Malayziya, Sinqapur və Şərqi Timor-da məktəblər bağlanıb; həm insanlar, həm də heyvanlar arasında tənəffüs yolu xəstəliklərinin artdığı barədə məlumatlar var. 51 oranqutan xilas edildi İyulun sonlarında başlayan yanğınlar Borneo oranqutanlarının yaşayış mühitinə ciddi təhlükə yaradır. Rəsmilər və könüllü təşkilatlar yanğınlardan zərər çəkmiş vəhşi təbiəti xilas etmək istiqamətində fəaliyyətlərini davam etdirirlər. AFP agentliyinin məlumatına görə, Qərbi Kalimantan Təbiəti Mühafizə Agentliyi və YIARI adlı qeyri-kommersiya təşkilatı avqustun 6-dan bəri 51 oranqutanı xilas edərək təhlükəsiz yerlərə köçürüblər. İndoneziya Meşə Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, son bir neçə ay ərzində Kalimantan bölgəsində xilas edilən oranqutanların ümumi sayı 96-ya çata bilər. Xilas edilən oranqutanlar müalicə olunur Yanğınlardan zərər çəkən bəzi oranqutanların yanıqlar, qidalanma çatışmazlığı və ağır anemiya kimi sağlamlıq problemlərindən əziyyət çəkdiyi və hazırda intensiv tibbi yardım aldıqları bildirilir. Bir vaxtlar Sumatra və Borneo adalarında sayı 230 000-dən çox olan oranqutan populyasiyasının, hazırda təxminən 104 000-ə düşdüyü qeyd olunur. Davam edən yanğınlar, nəsli kəsilmək təhlükəsi altında olan bu heyvanların gələcəkdə mövcudluğunu qoruyub saxlaya bilməsi ilə bağlı narahatlıqları daha da artırır.

Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et