Bu gün:

Ukrayna bu il Rusiyaya qarşı ən böyük dron hücumlarından birini həyata keçirib


Ukrayna şənbə günü gecə Rusiyaya qarşı bu ilki ən böyük dron hücumlarından birini həyata keçirib. Hücum zamanı mühüm neft terminalı vurulub. Bu, ABŞ Prezidenti Donald Trampın Rusiyanın enerji infrastrukturuna hücumların dayandırılması tələbinə zidd olub.

2026-cı il oktyabrın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində neft terminalına hava hücumundan sonra şəhərin üzərində tüstü yüksəlir


24media.az CNN.newsa istinadən bildirir ki, son günlər Ukrayna ilə ABŞ arasında gərginlik artıb. Ukrayna Prezidenti Volodimir Zelenski NBC News-un “Meet the Press” proqramına müsahibəsində ABŞ-nin Rusiyanın tərəfini tutmasının “tarixi səhv” olacağını bildirib.

Rusiyanın Müdafiə Nazirliyi bazar gününə keçən gecə ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 1015 dronun vurulduğunu açıqlayıb.

Rusiya rəsmilərinin məlumatına görə, hücumun əsas hədəflərindən biri Sankt-Peterburq Neft Terminalı olub. Terminal ildə 12,5 milyon tona qədər neft emal edə və ya daşıya bilir. Ukraynanın “Fire Point” şirkəti zərbədən sonra terminalın ərazisində yanğın baş verdiyini bildirib.

Bundan əlavə, Sankt-Peterburqdakı “Ozon” şirkətinin logistika mərkəzlərindən biri və Rusiyanın “VKontakte” sosial şəbəkəsinin məlumat mərkəzi də hücuma məruz qalıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumlar nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib.

Tramp ötən həftə Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını “biabırçılıq” adlandırıb. O, həmçinin Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşı hücumları dayandırmaq barədə razılığa gəldiyini bildirib. Lakin nə Kiyev, nə də Moskva belə bir razılaşmanı təsdiqləyib. Ukrayna hücumları qısa müddətə dayandırsa da, sonradan yenidən başlayıb. Rusiya isə Ukraynanın enerji obyektlərinə hücumlarını davam etdirib.

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın raket və dron hücumları nəticəsində bazar günü səhərə qədərki 24 saat ərzində ölkədə 11 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb. Odessa vilayətindəki enerji obyektləri də hücuma məruz qalıb.

Zelenski bazar günü “X” sosial şəbəkəsində bildirib ki, Trampın enerji atəşkəsi barədə açıqlamasından sonra Rusiya Ukraynanın enerji, neft və qaz sektorlarına 76 dəfə hücum edib.

Tramp administrasiyası Rusiyadan dizel yanacağı idxalına tətbiq edilən sanksiyaları müvəqqəti dayandırıb. Bu qərar ABŞ-da, o cümlədən Respublikaçılar Partiyasının üzvləri arasında tənqidlərə səbəb olub.

Zelenski bildirib ki, sanksiyalardan müvəqqəti azadolma Rusiyanın Ukraynaya qarşı müharibəsini gücləndirir. O, həmçinin Ukrayna ordusunun dronları idarə etmək üçün istifadə etdiyi “Starlink” sisteminə çıxışının hələ də məhdudlaşdırıldığını deyib. Tramp administrasiyası isə xidmətə hər hansı məhdudiyyət qoyulduğunu təkzib edib.

Banuçiçək Qurbanova


Paylaş
Şərh əlavə et