İngiltərə və Uels Yaşıllar Partiyasının lideri Zak Polanski sionizmin hazırkı formasını irqçi ideologiya adlandırıb və heç bir dövlətin mövcud olmaq hüququna malik olmadığını bildirib. O, partiyasının sionizmi irqçiliklə əlaqələndirən qətnaməsinin mübahisəli olmadığını söyləyib.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Zak Polanski bu açıqlamaları partiyasının sionizmi irqçiliklə eyniləşdirən qətnaməni qəbul etməsindən iki həftə sonra BBC-yə müsahibəsində səsləndirib. Səsvermədə iştirak etməyən Polanski liderlik mövqeyini nümayiş etdirməməkdə ittiham olunsa da, qətnamənin əsas müddəalarını dəstəklədiyini bildirib. Bununla yanaşı, o, məsələ ilə bağlı sözlərin mənası ətrafında müzakirələrin aparılmasını faydasız hesab etdiyini vurğulayıb.
BBC-nin aparıcısı Laura Kuensberqin sionizmin irqçi olub-olmadığı barədə sualını cavablandıran Polanski deyib: “Məncə, bu, əslində mübahisəli məsələ deyil”.
O əlavə edib: “Mübahisəli olan son bir neçə ildə 75 min fələstinlinin öldürülməsidir. Onların arasında müasir tarixdə indiyədək olduğundan daha çox uşaq amputasiya olunub. Bunu nəzərə alsaq, fələstinlilərin məhz fələstinli olduqlarına görə öldürüldükləri aydın görünür. Bu, açıq şəkildə irqçi ideologiyadır”.
Fərid Tapdıqov
