Bu gün:

ABŞ-də 16 yaşlı hücumçu məktəbdə dörd nəfəri öldürüb


ABŞ-nin Oreqon ştatının Bend şəhərində ibtidai məktəbə silahlı hücum nəticəsində üçü uşaq olmaqla dörd nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

24media.az ANEWZ-a istinadən xəbər verir ki, hadisə oktyabrın 15-də “Silver Rail” ibtidai məktəbində baş verib.

Polisin məlumatına görə, 16 yaşlı hücumçu məktəbin bağlı qapılarına atəş açaraq binaya daxil olub. Şübhəlinin kimliyi barədə əlavə məlumat açıqlanmayıb. Onu məktəbə qədər təqib edən silahlı yerli sakin hücumçunu öldürüb. Rəsmilərin bildirdiyinə görə, həmin şəxsin müdaxiləsi daha çox insanın həyatını itirməsinin qarşısını alıb.

Bend şəhərinin polis rəisi Mayk Krantsın açıqlamasına əsasən, hücum nəticəsində 5, 8 və 11 yaşlı üç uşaq, eləcə də bir müəllim həyatını itirib. Daha iki nəfər - 7 yaşlı şagird və 54 yaşlı müəllim ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra məktəbə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və federal agentlər cəlb olunub. Məktəb binası nəzarətə götürülüb, polis əməkdaşları bütün otaqları yoxlayıb və şagirdlərin valideynlərinə təhvil verilməsini təmin ediblər.

Mətbuat konfransında çıxış edən Oreqon qubernatoru Tina Kotek hadisəni yaxından izlədiyini bildirib və hadisə yerində çalışan polis və təcili yardım əməkdaşlarına təşəkkür edib. O, həmçinin hücumçunun qarşısını alan yerli sakinin müdaxiləsini yüksək qiymətləndirib.

ABŞ senatoru Ceff Merkli də hadisədən zərər çəkənlərə dəstəyini ifadə edib. O vurğulayıb ki, heç bir şagird və ya ailə məktəbdə zorakılıq təhlükəsi ilə üzləşməkdən qorxmamalıdır.

Polis rəisi Mayk Krants bildirib ki, avqust ayında Bend şəhərinin polis əməkdaşları silahlı hücumlara müdaxilə ilə bağlı birgünlük təlim keçiblər. Onun sözlərinə görə, belə hadisələrə hazırlaşmaq zəruridir və hücumla bağlı istintaq uzun müddət davam edə bilər.

Qeyd edək ki, “Silver Rail” ibtidai məktəbində hazırlıq sinfindən beşinci sinfədək, əsasən 5–11 yaşlı uşaqlar təhsil alır. Məktəbdə təxminən 450 şagird və 40 əməkdaş çalışır. Bend şəhəri Oreqon ştatının mərkəzi hissəsində, Portlend şəhərindən təxminən 280 kilometr cənub-şərqdə yerləşir və əhalisi 100 min nəfərə yaxındır.

ABŞ-də məktəblərə silahlı hücumlar ölkədə silah sahibliyi ilə bağlı qanunlar ətrafında müzakirələri yenidən gündəmə gətirir. ABŞ Konstitusiyasının İkinci Düzəlişi vətəndaşların silah saxlamaq və gəzdirmək hüququnu qoruyur. Silah sahibliyi hüququnu müdafiə edən bəzi şəxslər isə məktəblərdə təhlükəsizliyin artırılması üçün müəllimlərin silahlandırılmasını təklif edirlər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şehrin Musayeva


Paylaş
Şərh əlavə et