Hindistanın Patna və Mumbay şəhərlərində tələbə təşkilatları, müxalifət qrupları və gənc fəallar seçici siyahılarında edilən dəyişikliklərə etiraz edərək ölkənin baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb ediblər.

24media.az ANEWZ-a istinadən xəbər verir ki, oktyabrın 16-da keçirilən aksiyalarda seçici siyahılarının yenilənməsi və bunun siyasi nəticələri əsas müzakirə mövzusu olub.
Etirazçıların sözlərinə görə, seçici siyahılarında aparılan dəyişikliklər Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Canata Partiyasının (BJP) xeyrinə ola bilər. Məlumata görə, siyahıların yenilənməsi zamanı 130 milyondan çox seçicinin adı siyahılardan çıxarılıb.
Hindistanın Seçki Komissiyası isə hər hansı siyasi partiyaya üstünlük verilməsi ilə bağlı ittihamları rədd edib. Qurum siyahılardan əsassız şəkildə çıxarıldığını düşünən vətəndaşların yenidən qeydiyyatdan keçə biləcəyini bildirib. Hakim BJP də müxalifət partiyalarını qanuni seçki prosedurlarına qarşı çıxmaqla və demokratiyaya zərər vurmaqda ittiham edib.
Patnada etirazçılarla polis arasında qarşıdurma yaşanıb
Patna şəhərində Hindistan Tələbələr Federasiyasının (SFI) və Hindistan Demokratik Gənclər Federasiyasının (DYFI) üzvləri və tərəfdarları aksiya keçiriblər. Nümayişçilər bayraqlar qaldıraraq şüarlar səsləndirib və polis barrikadalarını aşmağa cəhd göstəriblər. Polis etirazçıları geri çəkilməyə məcbur edərkən tərəflər arasında qarşıdurma yaranıb.
Etirazçılardan biri hökuməti ölkədə elan edilməmiş fövqəladə vəziyyət rejimi tətbiq etməkdə və siyasi liderləri həbs etməkdə ittiham edib. O, baş seçki komissarı Qyaneş Kumar istefa verənədək aksiyaların davam etdiriləcəyini bildirib.
Məlumata görə, seçici siyahılarının yenilənməsinə qarşı etirazlar bu ay ərzində demək olar ki, hər gün keçirilib.
Mumbayda gənc fəallar da etirazlara qoşulublar
Mumbay şəhərində gənclərin yaratdığı “Tarakan Xalq Partiyası”nın (CJP) üzvləri və tərəfdarları da aksiyada iştirak ediblər. Onlar Hindistan bayraqlarını dalğalandıraraq seçki komissiyasına qarşı şüarlar səsləndiriblər.
Partiyanın təsisçisi Abhicit Dipke bildirib ki, aksiya həftənin əvvəlində nümayişlərin qadağan edildiyi ərazidə etiraz keçirdiklərinə görə saxlanılan və beş sutka müddətinə həbs edilən iki CJP rəhbərinə dəstək məqsədilə təşkil olunub.
Bundan əlavə, CJP və solçu tələbə təşkilatları tərəfdarlarını oktyabrın 16-sı axşam saatlarında Yeni Dehlinin Konnot-Pleys bölgəsində yerləşən Mərkəzi Parka toplaşmağa çağırıblar. Aksiya zamanı iştirakçıların Hindistan bayraqlarını dalğalandırması nəzərdə tutulub.
Qeyd edək ki, seçici siyahılarında aparılan dəyişikliklər Hindistanda siyasi mübahisələrə səbəb olub. Müxalifət və gənc fəallar seçki prosesinin şəffaflığını tələb edir, hakim partiya və Seçki Komissiyası isə irəli sürülən ittihamları qəbul etmirlər.
Şehrin Musayeva
