Bu gün:

Çin Tayvanla əlaqələrə görə iki ölkənin rəsmilərinə sanksiya tətbiq edib


Pekin Beliz və Paraqvayın nazirlərinə qarşı məhdudiyyətlər tətbiq edib.24Media.az Report-a istinadən xəbər verir ki, Çin Tayvanla diplomatik əlaqələr saxladıqlarına görə Belizin xarici işlər naziri Fransis Fonsekaya və Paraqvayın informasiya və kommunikasiya texnologiyaları naziri Qustavo Villateyə sanksiyalar tətbiq edib.

Çinin Xarici İşlər Nazirliyi oktyabrın 12-də açıqladığı qərarı milli suverenlik və təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıb. Pekin hər iki ölkənin rəsmilərini Tayvanla diplomatik münasibətlərin davam etdirilməsini dəstəkləməkdə və Çinə qarşı mövqe tutmaqda ittiham edib.

Sanksiyalara əsasən, hər iki nazirin Çinin materik hissəsinə, Honkonqa və Makaoya girişi qadağan edilib. Həmçinin Çin vətəndaşlarına və təşkilatlarına həmin şəxslərlə əməkdaşlıq etmək və hər hansı əməliyyat aparmaq qadağası qoyulub.

Qərar nazirlərin Tayvan rəsmiləri ilə keçirdikləri görüşlərdən sonra verilib. Belizin xarici işlər naziri Fransis Fonseka sentyabrda Tayvanın xarici işlər naziri Lin Çia-lunqla, Paraqvayın naziri Qustavo Villate isə iyunda Tayvanın xarici işlər nazirinin müavini Çen Minq-çi ilə görüşüb.

Beliz və Paraqvay Tayvanla rəsmi diplomatik münasibətlər saxlayan 12 ölkə arasındadır. Çin özünüidarə edən Tayvanı ərazisinin bir hissəsi hesab edir. Tayvan hökuməti isə Pekinin bu mövqeyini rədd edir.

Sanksiyaların siyasi əhəmiyyət daşımasına baxmayaraq, onların praktiki təsirinin məhdud olacağı gözlənilir. Çünki Tayvanın diplomatik müttəfiqlərinin rəsmiləri nadir hallarda Çinə səfər edirlər. Pekin əvvəllər də Tayvanı dəstəkləyən xarici siyasətçilərə qarşı oxşar məhdudiyyətlər tətbiq edib.

Belizin Xarici İşlər Nazirliyi, Paraqvayın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi və Tayvanın Xarici İşlər Nazirliyi açıqlama ilə bağlı şərh sorğularına dərhal cavab verməyiblər.

Qeyd edək ki, Çinin açıqlaması Belizin Tayvandakı səfirliyinin oktyabrın 11-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 37-ci ildönümünü qeyd etməsindən qısa müddət sonra verilib. Səfirlik sosial şəbəkədə paylaşım edərək gələcəkdə də əməkdaşlığın və dostluğun davam edəcəyinə ümid etdiyini bildirib.

Pekinin sanksiyaları Tayvanın diplomatik tərəfdaşlarını Çinlə münasibətlərini rəsmiləşdirməyə və Tayvanla əlaqələrini kəsməyə təşviq etmək səylərinin davamı kimi qiymətləndirilir. Honduras 2023-cü ildə Tayvanla uzun illər davam edən diplomatik münasibətlərini dayandırıb. Nauru isə 2024-cü ildə Tayvanla əlaqələrini kəsən ölkələrdən biri olub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et