Bu gün:

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib


Azərbaycanda ukraynalı uşaqlar üçün 10 günlük reabilitasiya proqramı təşkil olunacaq.24Media.az Report-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq üçün Azərbaycana gətirilib.

Uşaqların Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi və sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.

Proqram uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Proqram çərçivəsində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.

Uşaqlar üçün Qəbələ ilə yanaşı, Şəki və Şamaxının tarixi və görməli yerlərinə ekskursiyaların təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Agentlik tərəfindən indiyədək Ukraynadan 500-dən çox uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et