GACA-nın yaydığı bəyanatda dünən günortadan sonra Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumla bağlı yenilənmiş məlumatlar təqdim edilib.
Bəyanatda hücum nəticəsində ümumilikdə 12 nəfərin — Səudiyyə Ərəbistanının dörd vətəndaşının və ölkədə yaşayan səkkiz əcnəbinin həyatını itirdiyi qeyd olunub.
Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu bildirilib.
Bəyanatda 309 nəfərin xəsarət aldığı və yaralıların, o cümlədən vəziyyəti ağır olanların xəstəxanalarda lazımi tibbi yardım almağa davam etdiyi qeyd olunub.
Həmçinin hava limanında hücum nəticəsində dəymiş maddi ziyanın qiymətləndirilməsi və inventar yoxlamalarının aparılması istiqamətində işlərin davam etdiyi vurğulanıb.
GACA daha əvvəl açıqlamışdı ki, oktyabrın 6-dan 8-dək Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına qarşı husilər tərəfindən həyata keçirilən hücumlarda dörd nəfər həlak olub, çoxlu sayda insan isə xəsarət alıb.
Son vaxtlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmaların şiddətlənməsi fonunda İranın dəstəklədiyi husilər hücuma məruz qaldıqlarını iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alırlar.
Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bir sıra əyalətləri ələ keçirməsindən sonra başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
Nəzrin Nəsirova
