Bu gün:

Portuqaliyada pasiyentlərə ev heyvanları ilə görüşməyə icazə verilib


Portuqaliyanın San-Juan xəstəxanasında müalicə alan pasiyentlər Pets and Company layihəsi çərçivəsində öz ev heyvanları ilə birbaşa stasionarda görüşə bilirlər. Lakin bu imkan bütün pasiyentlər üçün nəzərdə tutulmayıb. Görüşü müalicə həkimi və ya tibb bacısı təklif edir, daha sonra mütəxəssislər belə bir görüşün mümkün faydalarını və risklərini qiymətləndirirlər.

Foto: the-warsaw

Görüşdən əvvəl ailə heyvanın peyvənd olunduğunu və parazitlərə qarşı müalicə edildiyini təsdiqləyən baytarlıq arayışı təqdim etməlidir. Həmçinin ev heyvanı davranış tələblərinə cavab verməli və böyüklərdən birinin nəzarəti altında olmalıdır.

Müəyyən edilmiş şərtlərə əməl edildiyi halda, itlərin, pişiklərin və digər heyvanların xəstəxanaya gətirilməsinə icazə verilir. Hər bir pasiyent ev heyvanı ilə yeddi gündə bir dəfə görüşə bilər. Görüşün müddəti isə 30 dəqiqədən çox olmamalıdır.

Heyvan aqressiv davranarsa, həddindən artıq narahatlıq keçirərsə, çirkli olarsa və ya protokolun digər tələbləri pozularsa, görüş dərhal dayandırılır.

Proqram, ilk növbədə, uzun müddət xəstəxanada müalicə alan şəxslər və xəstəliyinin terminal mərhələsində olan pasiyentlər üçün nəzərdə tutulub.

Layihənin təşkilatçılarının sözlərinə görə, ev heyvanları ilə görüşlər pasiyentlərə təcrid hissinin öhdəsindən gəlməyə kömək edir, onların emosional vəziyyətini yaxşılaşdırır və müalicəyə motivasiyasını artırır.

Layihənin fəaliyyətə başladığı vaxtdan bəri xəstəxanada bu cür görüşlərlə əlaqəli yoluxucu xəstəlik halları qeydə alınmayıb.

Xəstəxana hesab edir ki, sanitar-gigiyenik tələblərə əməl edildikdə infeksiyaların ötürülməsi riski minimuma enir. Bununla yanaşı, ev heyvanı pasiyentin ailəsinin bir hissəsi kimi qəbul edilir. Buna görə də mütəxəssislər mümkün risklərə görə bu cür görüşləri tamamilə qadağan etməkdənsə, hər bir pasiyentin vəziyyətini nəzərə alaraq fərdi protokol əsasında təşkil etməyi təklif edirlər.

Mənbə: bes.media
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et