Böyük Britaniya Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstək verməməsi səbəbindən Çaqos adalarının Mavrikiyə təhvil verilməsini nəzərdə tutan razılaşmaya yenidən baxacaq.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq BBC-yə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı razılaşmanı “dəhşətli” adlandırdıqdan sonra London sənədi yenidən nəzərdən keçirmək qərarına gəlib.
Mövcud razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adaları üzərində suverenliyi Mavrikiyə təhvil verməli, eyni zamanda, Hind okeanında strateji mövqedə yerləşən Britaniya-ABŞ hərbi bazasının istifadəsi üçün ildə orta hesabla 101 milyon funt sterlinq ödəməlidir. Ues Stritinq bildirib ki, ABŞ razılaşmanı dəstəkləmədiyi üçün sənədə yenidən baxılması zəruridir.
“Prezident Trampın dünən dedikləri yeni deyil, lakin onun Çaqosla bağlı hazırkı razılaşmaya münasibətinin dəyişmədiyini tam aydın göstərir. Buna görə də amerikalı müttəfiqlərimiz, Prezident Tramp və onun administrasiyası ilə razılaşmanı ABŞ-nin dəstəkləyə biləcəyi formaya gətirmək üçün əlavə iş aparmalıyıq”, – deyə nazir bildirib.
Razılaşmanın icrası Donald Trampın dəstəyini geri çəkməsindən sonra aprel ayında qeyri-müəyyən müddətə dayandırılmışdı.
Piranə Xasiyeva
