Mingəçevir Dövlət Universitetində (MDU) Turizm və marketinq kafedrasının fəaliyyətinin müasir turizm sənayesinin tələblərinə uyğun qurulması məqsədilə universitet rəhbərliyi, müəllimlər, sənaye nümayəndələri və Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyinin iştirakı ilə görüş keçirilib.
24media.az xəbər verir ki, avqustun 31-də keçirilən görüşdə turizm təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələrin nəzəri biliklərinin praktiki hazırlıqla tamamlanması, dövlət və özəl sektorla əməkdaşlığın gücləndirilməsi, eləcə də Mingəçevir və regionun turizm potensialının tədris və tətbiqi tədqiqatlara inteqrasiyası məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən MDU-nun rektoru Anar Eminov bildirib ki, turizm sənayesinin sürətli inkişafı, xidmət sektorunda yeni yanaşmaların meydana çıxması və əmək bazarının dəyişən tələbləri mütəxəssis hazırlığına yeni baxışın tətbiqini zəruri edir. Onun sözlərinə görə, Turizm və marketinq kafedrasının fəaliyyəti müasir tədris metodları ilə yanaşı, real sektorla sıx əməkdaşlıq, praktiki hazırlıq və tətbiqi tədqiqatlar üzərində qurulmalıdır.
Qeyd olunub ki, MDU-da bakalavriat və magistratura səviyyələrində turizm ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Yeni kafedranın yaradılması tədris, praktiki hazırlıq, elmi-tədqiqat və sənaye əməkdaşlığının daha sistemli şəkildə əlaqələndirilməsinə imkan verəcək.
Kafedranın formalaşdırılması prosesində Türkiyənin nüfuzlu Dokuz Eylül Universitetinin turizm təhsili sahəsindəki təcrübəsindən istifadə olunub. Eyni zamanda turizm sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq çərçivəsində əldə edilmiş təklif və müraciətlər nəzərə alınıb. Sənaye nümayəndələri universitetə müraciətlərində praktik bacarıqlara malik, müasir texnologiyalardan və idarəetmə alətlərindən istifadə edə bilən, xarici dilləri bilən və real iş mühitinə hazır mütəxəssislərə ehtiyacın artdığını diqqətə çatdırıblar.
Anar Eminov 2026/2027-ci tədris ilindən etibarən MDU-da turizm sahəsində ilk dəfə ingilis dilində də kadr hazırlığına başlanılacağını vurğulayıb. Bildirib ki, turizm təhsilinin beynəlxalq dil mühitində təşkili tələbələrin qlobal turizm bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, beynəlxalq turistlər və xarici tərəfdaşlarla peşəkar kommunikasiya qurmasına, həmçinin beynəlxalq əməkdaşlıq və karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Rektor qeyd edib ki, bu istiqamət MDU-da turizm təhsilinin beynəlxalqlaşmasına və məzunların rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edəcək.
Görüşdə 2030-cu ildə turizm mütəxəssisinə qoyulacaq tələblər, məzunların əmək bazarına daxil olduqları zaman hansı vəzifələrdə fəaliyyət göstərə bilmələri və tədris proqramlarının gələcəyin peşə bacarıqlarına uyğunlaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəqəmsal texnologiyalar, turizm marketinqi, məlumatların təhlili, xarici dillər, müştəri təcrübəsinin idarə olunması, kommunikasiya, innovativ düşüncə, xidmət keyfiyyəti, idarəetmə və dayanıqlı turizm yanaşmalarının gələcəyin turizm mütəxəssisinin əsas kompetensiyaları sırasında yer almasının vacibliyi vurğulanıb.
Sənaye nümayəndələri tədris proqramlarına real sektorun ehtiyaclarını əks etdirən fənn və modulların daxil edilməsini, tələbələrin təhsil müddətində daha çox praktiki hazırlığa cəlb olunmasını, hotel, restoran, turizm şirkətləri və digər xidmət müəssisələri ilə davamlı əməkdaşlığın genişləndirilməsini təklif ediblər.
Bununla yanaşı, tələbələrin yalnız təcrübə keçən deyil, real layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edən tərəf kimi formalaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Müzakirələrdə MDU məzunlarının hotelçilik, restoran və xidmət sektoru, turizm şirkətləri, turizm məhsullarının hazırlanması və marketinqi, destinasiya idarəçiliyi, tədbir və xidmətlərin təşkili, eləcə də dövlət qurumlarında turizm istiqaməti üzrə fəaliyyət göstərə bilmələri üçün zəruri praktiki bacarıqların təhsil prosesində formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilib.
Turizm sahəsində tətbiqi tədqiqatların genişləndirilməsi də görüşün əsas istiqamətlərindən biri olub. Universitetin elmi potensialının turizm sənayesinin real ehtiyaclarına yönəldilməsi, Mingəçevir və regionun turizm resurslarının sistemli şəkildə araşdırılması, yeni turizm məhsulları və marşrutlarının hazırlanması, turizm axınlarının öyrənilməsi və elmi nəticələrin praktikada tətbiqi imkanları müzakirə edilib.
Bu çərçivədə Mingəçevirin və regionun turizm potensialının universitet üçün canlı tədris və tədqiqat mühitinə çevrilməsi ideyası ön plana çıxıb. Şəhərin təbii, mədəni, tarixi və rekreasiya imkanlarının tələbələrin tədris, praktika və layihə fəaliyyətlərinə inteqrasiyası, yerli turizm ekosisteminin öyrənilməsi və regionun turizm imkanlarının daha geniş təşviqi istiqamətində universitetin rolu müzakirə olunub.
Görüş zamanı universitetlə turizm sənayesi arasında əməkdaşlığın daha sistemli və davamlı xarakter alması məqsədilə “Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası”nın yaradılması təşəbbüsü irəli sürülüb.
Şuranın MDU müəllimləri, hotel rəhbərləri, turizm şirkətləri, restoran və xidmət sektoru nümayəndələri, eləcə də Dövlət Turizm Agentliyinin regional nümayəndəliyinin iştirakı ilə formalaşdırılması təklif edilib.
Yeni platformanın turizm təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tədris proqramlarının sənaye nümayəndələrinin iştirakı ilə mütəmadi təkmilləşdirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, təcrübə və məşğulluq imkanlarının artırılması, birgə layihə və tətbiqi tədqiqatların həyata keçirilməsi üçün davamlı əməkdaşlıq mexanizminə çevrilməsi nəzərdə tutulur.
Şuranın fəaliyyəti çərçivəsində sənayedə yaranan yeni ehtiyacların universitetə operativ şəkildə çatdırılması və təhsil prosesinin bu dəyişikliklərə çevik uyğunlaşdırılması da əsas prioritetlərdən olacaq.
Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və sənaye nümayəndələri universitetlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək, tələbələrin praktiki hazırlığına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə imkanlarının genişləndirilməsinə və regionun turizm potensialının təşviqinə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını qeyd ediblər.
Turizm və marketinq kafedrasının müəllimləri və işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər isə tədris və elmi fəaliyyətin təşkili, müasir təlim metodlarının tətbiqi, sənaye nümayəndələrinin tədris prosesinə cəlb olunması, tələbələrin praktiki layihələrdə iştirakının genişləndirilməsi və turizm sahəsində aktual problemlərə dair tətbiqi tədqiqatların təşviqi ilə bağlı fikirlərini bölüşüblər.
Görüşün sonunda səsləndirilən təkliflərin Turizm və marketinq kafedrasının fəaliyyət istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması, universitet–sənaye əməkdaşlığının institusional əsaslarının gücləndirilməsi və tələbələrin müasir turizm sektorunun tələblərinə uyğun hazırlanması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.






Həvva Cəbrayılova
