Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) El Nino fenomeninin şiddətlənməsi ilə dünyanın bir çox yerində istilik dalğaları, quraqlıq, güclü yağışlar və ekstremal hava hadisələri riskinin artacağını proqnozlaşdırır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, ÜMT aylıq qlobal mövsümi iqlim yeniləmə hesabatını açıqlayıb.
Hesabatda deyilir: “Tropik Sakit okeanda El-Nino şəraiti formalaşıb və qarşıdakı aylarda onun sürətlə güclənəcəyi gözlənilir. Bu, dünyanın bir çox yerində istilik dalğaları, quraqlıq, güclü yağışlar və digər ekstremal hava hadisələri ehtimalını artırır”.
Hesabatda 2026-cı ilin iyul-sentyabr aylarında güclü El-Nino şəraitinə doğru sürətli inkişafa işarə edilir və Mərkəzi və Şərqi Ekvatorial Sakit okean bölgələrində okean temperaturunun davamlı olaraq istiləşdiyi qeyd olunur.
ÜMT belə bir qənaətə gəlir: “El-Nino hadisəsinin Şimal yarımkürəsinin payız aylarında güclənməyə davam edəcəyi və onun təsirlərinin dünyanın bir çox hissəsinə yayılacağı gözlənilir”.
Həmçinin qeyd olunur ki, Ekvatorial Atlantik hövzəsinin ümumilikdə orta səviyyədən daha isti qalacağı proqnozlaşdırılır.
Hesabatı şərh edən ÜMT-nin baş katibi Seleste Saulo xəbərdarlıq edib ki, El-Nino şəraiti artıq başlayıb və onun sürətlə güclü bir hadisəyə çevriləcəyi gözlənilir.
Saulo, həmçinin El-Nino fenomeninin dünyanın bir çox yerində quraqlıq və həddindən artıq yağış ehtimalını, eləcə də quruda və dənizdə istilik dalğaları riskini artıracağını əlavə edib.
ÜMT-nin hökumətləri, humanitar təşkilatları və iqlimə həssas sektorları dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatı və regional səviyyələrdə fəaliyyətləri əlaqələndirmək üçün misli görünməmiş bir səfərbərlik elan etdiyini bildirən Saulo deyib: “Təkmilləşdirilmiş mövsümi proqnozlar və erkən xəbərdarlıqlar həyatları xilas etmək və El-Ninonun iqtisadiyyatlara, icmalara təsirini azaltmaq üçün vacibdir”.
Sakit okeanda El-Nino hava hadisəsi sahil bölgələrində və qlobal miqyasda temperaturun artmasına səbəb olur. Onun əksi olaraq təsvir edilə bilən La-Nino isə dünya üçün daha soyuq hava şəraiti deməkdir.
El-Nino və La-Nino arasındakı keçid zamanı neytral və ya təbii hava hadisələri üstünlük təşkil edir.
Piranə Xasiyeva
