Bu gün:

İspaniyada 1 milyon miqrantın müraciəti qəbul edilib


İspaniyada qanunsuz miqrantlar və beynəlxalq müdafiə istəyən şəxslər üçün elan olunmuş leqallaşdırma proqramına 1 milyondan çox müraciət daxil olub. Bu göstərici hökumətin əvvəlcədən gözlədiyi müraciət sayını iki dəfədən çox üstələyib.


Avropanın əksər ölkələrinin miqrasiya siyasətini sərtləşdirdiyi bir dövrdə İspaniya hökuməti immiqrasiyanın iqtisadi və sosial faydalarını qorumaq məqsədilə genişmiqyaslı leqallaşdırma proqramı həyata keçirib.

`Sosialistlərin rəhbərlik etdiyi hökumətin bu ilin yanvarında elan etdiyi proqramın ilkin mərhələdə təxminən 500 min nəfəri əhatə edəcəyi nəzərdə tutulmuşdu. Lakin qeydiyyat müddəti çərşənbə axşamı başa çatdıqda müraciət edənlərin sayı 1 milyonu keçib.

Proqram çərçivəsində tələblərə cavab verən şəxslərə ilkin olaraq bir il müddətinə yaşayış və əmək fəaliyyəti üçün icazə veriləcək. Bunun üçün müraciət edənlər məhkumluqlarının olmadığını təsdiqləməli, həmçinin 2025-ci il dekabrın 31-dək azı beş ay İspaniyada yaşadıqlarını və ya həmin tarixədək beynəlxalq müdafiə üçün müraciət etdiklərini sübut etməlidirlər.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et