Almaniyanın Ştade şəhərində gənclərin sosial müdafiəsi müəssisəsində baş vermiş silahlı insident nəticəsində 6 nəfər həlak olub. Ölənlərin beşi qadın, biri kişidir. Hadisə ilə bağlı iki nəfər, o cümlədən əsas şübhəli saxlanılıb.

Hadisə bazar ertəsi günorta saatlarında Almaniyanın şimalında, Hamburq yaxınlığında yerləşən Ştade şəhərində qeydə alınıb.
Polisin məlumatına görə, bütün zərərçəkənlər müəssisənin binasında güllələnib. Onlardan beşi hadisə yerində, digər bir nəfər isə xəstəxanada həyatını itirib. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini bildirib.
Polis hadisə yerini mühasirəyə alıb. Əraziyə kriminalistlər və mülki geyimli polis əməkdaşları cəlb olunub. Sakinlərə əvvəlcə hadisə yerindən uzaq durmaq tövsiyə edilsə də, sonradan əhali üçün hər hansı təhlükənin olmadığı açıqlanıb.
Polisin sözçüsü AFP agentliyinə bildirib ki, əsas şübhəli hesab edilən kişi və onu müşayiət edən qadın saxlanılıb. Bununla yanaşı, polisin ayrıca açıqlamasında üçüncü şübhəlinin də nəzarətə götürüldüyü qeyd olunub.
Polis sözçüsünün bildirdiyinə görə, istintaqın ilkin nəticələri hadisənin qadınlara qarşı nifrət zəminində törədilmiş cinayət və ya siyasi motivli hücum olmadığını göstərib. Araşdırmanın hazırkı versiyasına əsasən, hadisə geniş ailə daxilində baş vermiş faciə kimi qiymətləndirilir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
