Bu gün:

İsti havada ev heyvanlarını necə qorumaq olar?


Avropada müşahidə olunan isti hava dalğaları təkcə insanlar üçün deyil, ev heyvanları üçün də təhlükə yaradır. Xüsusilə mops və fars pişikləri kimi yastıburunlu cinslər yüksək temperaturu daha çətin keçirirlər, çünki onların nəfəs alma sistemi istiyə daha həssasdır.

Foto: feldman-ecopark

Mütəxəssislər xəbərdarlıq edirlər ki, sürətli nəfəsalma, həddindən artıq tüpürcək ifrazı, narahatlıq və koordinasiya pozğunluğu istilik vurmasının əlamətləri ola bilər. Belə hallarda heyvanı dərhal sərin yerə aparmaq, ona su vermək və baytar həkimə müraciət etmək lazımdır.

Heyvanları səhər tezdən və ya axşam saatlarında gəzdirmək tövsiyə olunur. Günorta vaxtı isə gəzintilərdən çəkinmək daha məqsədəuyğundur. Mütəxəssislər “beş saniyə testi”ni də məsləhət görürlər: əgər asfalt və ya səki üzərində əlinizi beş saniyə saxlamaq çətindirsə, həmin səth heyvanın pəncələrini yandıra bilər.

Bundan başqa, ev heyvanlarını avtomobildə və ya günəş altında tək qoymaq olmaz. Onların hər zaman kölgəyə, təmiz havaya və kifayət qədər suya çıxışı təmin edilməlidir. Həmçinin mütəxəssislər isti havalarda birə və gənələrə qarşı müntəzəm müalicənin vacibliyini vurğulayırlar.

Mənbə: obozrevatel
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et